Sahibə Qafarova Türkiyə nümayəndə heyəti ilə görüşdü

 18:00 10.11.2021     345

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 10-da ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, Milli Məclisin sədri bildirib ki, bu səfər Azərbaycanın 8 noyabr-Zəfər Gününün qeyd olunduğu tarixi günlərə təsadüf edir.

Zəfər Günü təkcə Azərbaycanın deyil, həm də bütün türk xalqının bayramıdır. Ötən il Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı qələbədə dünya bir daha Azərbaycan və Türkiyə qardaşlığının şahidi oldu. Bu müharibədə biz başda hörmətli dövlət başçısı Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyə Böyük Millət Məclisinin, bütün türk xalqının dəstəyini gördük. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın və TBMM-in sədri Mustafa Şentopun Azərbaycanın Milli Məclisindəki çıxışlarını və verdikləri siyasi dəstəyi heç zaman unutmayacağıq.

Sahibə Qafarova iki qardaş ölkənin parlamentlərarası münasibətlərindən danışıb.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Zəfər Günü və Bayraq Günü münasibətilə təbriklərini çatdırıb, Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyib.

Qeyd edib ki, Türkiyə və Azərbaycan bu gün bütün sahələrdə yaxından əməkdaşlıq edən iki dost və qardaş ölkədir. Həm Türkiyədə, həm Azərbaycanda xeyli sayda qarşılıqlı şirkətlər uğurla fəaliyyət göstərir. İki qardaş ölkə bir-birinin iqtisadiyyatına böyük investisiyalar yatırıblar.
Şamil Ayrım Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyinin daha da parlaq olacağına inamını ifadə edib.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin sədri Sahibə Qafarova, TBMM-in Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüş

22
Vumart və Güvən reklamı Vumart Güvən