“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun qəbul olunacaq

 13:19 11.11.2021     1257

“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun qəbul olunacaq. Ancaq bu məsələ zaman tələb edir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Maliyyə naziri Samir Şərifov da bildirib ki, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin çox böyük əhəmiyyəti var: "Hesab edirəm ki, biz həmin qanunun maliyyə tələblərini və təminatını dəqiqliklə qiymətləndirməliyik.

Əfsuslar olsun ki, 1992-ci ildə qəbul edilmiş qanun icra edilməmişdi. Nəyə görə icra edilməyib? Çünki onun maliyyə təminatı olmayıb”.

Maliyyə naziri deyib ki, köhnə qanunda nəzərdə tutulan bir sıra müddəaların yerinə yetirilməsi mümkün olmayıb: “Tutaq ki, yerli icra hakimiyyətlərrinin hərbi qulluqsulara ev verməsi nəzərdə tutulmuşdu. Amma bu, reallaşmadı. Yalnız şüarlar əsasında o qanunun qəbulu olduqca risklidir”.