Üç şəhid, üç auditoriya - ADU şəhid məzunlarının xatirəsini əbədiləşdirdi - FOTO

 17:47 11.11.2021     126

Noyabrın 11-də Azərbaycan Dillər Universitetində (ADU) şəhid məzunlar Teymur Osmanlı, Əzim Həsənov və Elvin Bayramovun adlarını daşıyan auditoriyaların açılış mərasimi keçirilib. Mərasimdə ADU-nun rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla, şəhid məzunların ailə üzvləri, prorektorlar, müəllim-tələbə heyəti iştirak ediblər.

Redaktor.az xəbər verir ki, akademik Kamal Abdulla  Vətən müharibəsi şəhidlərinin xatirəsinin daima əziz tutulduğunu və şəhidlərin adlarının xalqımızın qəlbində əbədi yaşayacağını söyləyib:

“Şəhid məzunların adlarını daşıyan bu auditoriyalarda şəhidlərin əziz xatirəsi tələbələr tərəfindən anılacaq, onların keçdiyi həyat yolu öyrəniləcək. Eyni zamanda burada müxtəlif anım tədbirləri, görüşlər keçiriləcək. Azərbaycan Dillər Universitetinin kollektivi, tələbələrimiz Vətən müharibəsində şəhid olmuş məzunlarımızın xatirəsini minnətdarlıq və ehtiram hissi ilə yad edir, onların əziz xatirəsini ürəklərində yaşadırlar. Vətən yolunda canından keçən oğullarımızla xalqımız fəxr edir. Universitetimizdə tez-tez qazilərlə görüşlər keçirilir, onlar öz döyüş yollarını tələbələrimizlə bölüşürlər. Əlbəttə, bu, gənclərin, tələbələrin vətənpərvərlik hissi ilə tərbiyə olunmasında və formalaşmasında böyük rol oynayır.”

Şəhidlərin valideynləri övladlarının xatirəsinin universitetdə əbədiləşdirilməsini və tələbələrin yaddaşında əbədi həkk olunmasını böyük qürurla və fərəhlə qarşılayıb, universitet rəhbərliyinə təşəkkür ediblər.  

ADU-nun şəhid məzunları Teymur Osmanlı, Əzim Həsənov və Elvin Bayramovun adlarını daşıyan auditoriyalarda tələbələr üçün lazım olan bütün şərait yaradılıb. Şəhid məzunların fotoları, şəxsi əşyaları əks olunan dərs otaqlarında ADU-nun tələbələri öz bilik və bacarıqlarını artıracaq və şəhid məzunların xatirəsini daima əziz tutacaqlar.

Qeyd edək ki, Teymur Osmanlı ADU-nun Tərcümə, Əzim Həsənov Təhsil-1, Elvin Bayramov isə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsindən məzun olublar.

 

22222222222