Havanı çirkləndirən ictimai-iaşə obyektlərinin sahibləri cəzalandırıldı

 17:47 12.11.2021     160

Havaya tullantı atan ictimai-iaşə obyektlərinin sahibləri cəzalandırılıb.

Bu barədə Redaktor.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən atmosfer havasına atılan tullantıların azaldılması və mövcud normalara cavab verməsi məqsədilə Bakı şəhərində fəaliyyət göstərən bir sıra şadlıq saraylarında nəzarət tədbirləri keçirilib.

Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı paytaxtın Nizami və Qaradağ rayonlarında fəaliyyət göstərən “Şam Bağı”, “Golden Ring”, “Sultan”, “Ağ Saray”, “Oskar”, “Sapfir”, “Xan Qızı”, “Grand Neon” və “Qaradağ” şadlıq saraylarında təmizləyici qurğuların olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.

H.Əlizadənin sözlərinə görə, Səbail rayonunda fəaliyyət göstərən “Tiflis” restoranında isə ümumiyyətlə təmizləyici qurğunun quraşdırılmadığı məlum olub.

“Faktlarla bağlı akt, protokol tərtib edilib və obyekt sahibləri barəsində qanunamüvafiq tədbirlər görülüb”.

Xidmət rəisi onu da qeyd edib ki, əməkdaşlarımız tərəfindən monitorinqlər digər bölgələrdə də davam etdirilir.