Hesablama Palatasından Baş Nazirin sədri olduğu şuraya ÇAĞIRIŞ

 10:39 15.11.2021     103

Hesablama Palatası dövlət büdcə layihələrinə verdiyi rəylərdə Azərbaycanda fiskal şuraların yaradılmasını təklif etsə də, bu məsələ reallaşmamış qalır.

Fiskal şura dünya təcrübəsində büdcə proqnozlarının əsaslılığının gücləndirilməsi ilə bağlı tətbiq edilən yanaşmadır. 

Fiskal şuralar dövlətin ictimai maliyyə sahəsində qəbul edəcəyi qərarların etibarlılıq dərəcəsini yüksəldə bilər.

Redaktor.az xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov açıqlamasında deyib ki, rəhbəri olduğu qurum 2022-ci ilin dövlət büdcəsi layihəsinə verdiyi rəydə Milli Məclisin, Azərbaycan Milli Elmlər Akademiyasının, iqtisadi sahə ilə bağlı institutların üzvlərindən ibarət tərkibdə fiskal şuraların yaradılmasını təklif edib.

“Sual oluna bilər ki, bəs hökumət bu təklifə necə reaksiya verəcək? Bu barədə bizdə məlumat yoxdur”, - deyə Vüqar Gülməmmədov əlavə edib.

Prezident İlham Əliyevin 2020-ci il 9 sentyabr tarixli fərmanına əsasən, Azərbaycanda İqtisadi Şura yaradılıb.

Şura ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda baş verən prosesləri öyrənir.

Şuraya Baş Nazir Əli Əsədov sədrlik edir.

Hesablama Palatasının sədri qeyd edib ki, İqtisadi Şura növbəti ilin büdcə layihəsi ilə bağlı kifayət qədər təkliflər verə biləcək bir şura olmalıdır.

Ümumiyyətlə, hökumət Hesablama Palatasının təkliflərini hansı formada nəzərə alır?

Vüqar Gülməmmədov bu suala cavab verərkən bildirib ki, Hesablama Palatası son dövrlər Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə çoxsaylı təklif və tövsiyələr təqdim edib.

“Onların içərisində nəzərə alınanlar var. Bəzi təklif və tövsiyələrin isə reallaşması üçün zamana ehtiyac var. Səbəb budur ki, onlar köklü həll tələb etdiyi üçün kompleks yanaşma tələb edir. Biz 2022-ci ilin dövlət büdcə layihəsinə verdiyimiz rəydə 38 təklif səsləndirmişik. Bu təkliflər maliyyə sahəsində dövlət idarəetməsinin bir neçə mərhələsinin əhatə edir”, - deyə Vüqar Gülməmmədov söyləyib.

Hesablama Palatasının sədri bildirib ki, əldə edilən məlumata görə, “Büdcə sistemi haqqında” qanuna bir sıra dəyişikliklər gözlənilir.

“Bu dəyişikliklər edilən zaman bizim təkliflərin də nəzərə alınması gözlənilir. Söhbət dövlət büdcəsində proqnozlaşdırılan xərclərin vahid büdcə təsnifatının iqtisadi və inzibati təsnifatından gedir. Biz proqnozlaşdırılan məbləğlərin həcmi və strukturu ilə bağlı məsələlərə dair təkliflər vermişik”, - deyə Vüqar Gülməmmədov fikrini yekunlaşdırıb (oxu.az).