Axıska sürgününün 77-ci ildönümü ilə bağlı onlayn konfrans keçirildi - VİDEO

 14:51 15.11.2021     112

“Axıska bir gül idi, soldu” adlandırılan konfransın aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı tədbirin MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü və Azərbaycandakı Axıska Türklərinin “Vətən” İctima Birliyinin iştirakı ilə keçirildiyini bildirib.  

Öncə şəhidlərin əziz ruhu yad edilib. Ə.Qoşalı 14 noyabr 1944-cü ildə Axıskanın əsil sakinlərinin əsassız yerə sürgün edilməsini insanlıq dramı adlandırıb, bir daha, dünyanın heç bir yerində heç bir xalqın öz doğma torpaqlarından didərgin salınmaması arzusunu söyləyib: “ “Vətənimə qovuşdum, cəsədimə can gəldi” – Axıska türklərinin müdrik kəlamında deyilir. Qoy, heç kim Vətənsiz olmasın”...

Çıxışlardan öncə, tanınmış sənətçi Fərahim Sadiq və onun oğlu – gənc ifaçı Sadiq Qulubəylinin hazırladığı klip nümayiş etdirilib. Axıska sürgünün 77-ci ildönümünə həsr olunmuş klipin sözləri Q.Paşayevanın, musiqi tərtibatı Fərahim Sadiqin, ifa Sadiq Qulubəylinindir.   

Onlayn konfransda çıxış edən MM Mədəniyyət Komitəsinin sədri Prof.Dr.Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü olarkən də, ondan sonra da, hər  uyğun platformada Axıskalıların öz dədə-baba yurduna qayıtması mövzusunu gündəliyə gətirməyə çalışdığını bildirib. – Bunu bir mənəvi borc kimi xaralterizə edən Q.Paşayeva, Axıska coğrafiyasının önəmini Posoflu Aşıq Üzeyir Fakirinin məşhur ağısı ilə ifadə edib:  

“Axıska bir gül idi, getdi,

Bir əhli dil idi, getdi;

Söyləyin Sultan Mahmuda,

İstanbul kilidi getdi”.

Q.Paşayeva Axıskalıların başına gələn müsibətlərin sənət adamları tərəfindən müxtəlif janrlarda təsirli boyalarla təsvir edildiyini deyib: “Bu gün Fərahim bəyin və istedadlı övladının hazırladığı klip üçün onlara təşəkkür edirəm. Mənim “Vətən qoxusu” kitabım və bir sıra şeirlərim Axıskalı soydaşlarımıza həsr olunub. –  Bilirsiz, bizim Axıska ilə bağlı hiss-həyacanımız çox təbiidir. Bu həm də onunla bağlıdır ki, Azərbaycan xalqı özü çox bəlalar yaşayıb. Tanrıya şükürlər olsun, 44 günlük Vətən Müharibəsində qalib gələrək, tarixi ədaləti bərpa etmişik, məcburi köçkünlərimizin öz yurd-yuvasına dönüşü üçün gecə-gündüz işlər görülür. Ümidvarıq, Axıskanın əsil sahibləri də gələcəkdə daha çox və daha təhlükəsiz şəkildə öz el-obalarına dönəcək. Bu dost və qonşu Gürcüstanla Azərbaycanın, Türkiyənin bağlarını daha da möhkəmləndirən amildir. Mən bu yerdə, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Axıska kökənli vətəndaşlarımızın əziz ruhunu minnətdarlıqla yad edirəm. Biz onların ailə üzvləri ilə görüşmüşük, söhbət etmiş, yaxından tanış olmuşuq və bir daha görmüşük ki, onlar Azərbaycana nə qədər könüldən bağlıdır.

Xatırlatmaq istərdim ki, Axıska türklərinin həyatında ikinci bir faciə də 1989-cu ildə Özbəkistanda törədilib. Bu faciə düşmən mafiyanın, o cümlədən ermənilərin əli ilə Özbəkistanın Fərqana şəhərində baş vermişdi. Orda qətlə yetirilən Axıska türklərinin qanı mərkəzi Sovet hakimiyyətinin, erməni vandallarının üzərindədir. O vaxt Axıska türkləri yenidən dünyanın müxtəlif yerlərinə səpələndi və ən böyük axın Azərbaycan Respublikasına oldu. Azərbaycan hələ qəddar Stalinin ölümündən az sonra da öz isti qucağını doğma soydaşlarına açmışdı. Bu faktlar bir daha göstərir ki, bizim kədərimiz də, sevincimiz də ortaqdır”.

 

Azərbaycandakı Axıska Türklərinin “Vətən” İB-nin başqanı İsmayıl Rəhimov təqdbirin təşəbbüs və təşkili üçün MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayevaya təşəkkür edib.

 

İ.Rəhimov Axıskanın tarixindən geniş danışıb, xalqın yetişdirdiyi Ömər Faiq Hemanzadə, Əli Səbri, Mövlud Bayraqdarov, Bədi Muradov, Səadət Güləhmədova, Cavad Qoçuyev kimi şəxsiyyətlərdən, Axıska qalasında mövcud olmuş və  sürgünsonrası dağıdılmış – Yaxın Şərqin ən böyük kitabxanasından söz açıb. İ.Rəhimov  Axıska türklərinin 1920-30-cu illərdə öz ana dilində məktəblər açdığı, teatr yaratdığı, mədəni yüksəlişə başladığını, lakin bu yüksəliş və əmin-amanlığın uzun sürmədiyini bildirib: “II Dünya müharibəsinin qurtarmasına az qalmış - ermənilərin gələcəyə yönəlik bəd niyyətlərinin və totalitar Sovet hakim rejiminin, konkret olaraq, diktator Stalinin əmri ilə Axıska türkləri öz vətənlərindən min bir əzabla sürgün edilmişdir. Bu acı taleni Krım türkləri, Balkarlar, Qaraçaylar da yaşayıb”.

 

Avrasiya Yazarlar Birliyi başqanı Dos.Dr. Yaqub Öməroğlu, “Vektor”-un qurucu-başqanı Prof.Dr. Elçin İsgəndərzadə, “Vətən” İB-nin Rusiya Federasiyasındakı təmsilçisi Cavid Əliyev, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, Türk Ədəbiyyatı Vəqfinin müdiri, yazıçı-publisist, tərcüməçi İmdat Avşar, tanınmış jurnalist Fuad Abbasov onlayn konfransda çıxış edib. Onlar Axıskalılar üçün Adıgön, Axıska, Azğur, Axalkələk, Abastuban, Varxan, Zediban, Xeron və b. doğma yurd yerlərinin... yuxusuz gecələrin, şeirin-sənətin, həsrətin, ümid və inamın ünvanı olduğunu vurğulayıb. Vurğulanıb ki, zəngin folklora, ozan-aşıq sənətinə malik Axıskalıların baş mövzusu yenə də Vətəndir.

Ömər Faiq Hemanzadənin hələ çətin zamanlarda dediyi sözlər çıxışlarda işıqlı gələcəyə inamın ifadəsi kimi səsləndirilib: “Xeyir, əzizim, xeyir! İşıq dairəmiz sönməyə meyilli olsa da, arxayın olunuz, sönməyəcəkdir. Əksinə, getdikcə böyüyəcək”!

 

Sonda Q.Paşayeva bağlanış sözü söyləyərək, bütün iştirakçılara, tədbirin təşkilinə dəstək vermiş qurumlara, o cümlədən texniki dəstək üçün ADPU Quba filialına  təşəkkür edib, uğurlar diləyib.

Onlayn konfrans ADPU Quba filialının sosial media hesabları üzərindən canlı yayınlanıb.