Orta məktəbə qəbulda yol verilən saxtakarlıqla bağlı cinayət işi açıldı

 16:07 15.11.2021     214

Siyəzən şəhəri 2 №-li tam orta məktəbin ibtidai sinif müəllimi tərəfindən 2020-ci ildə rayon sakini 2014-cü il təvəllüdlü Yusif Ağayevin sənədlərinin 4 №-li uşaq bağçasından götürülərək, Təhsil Nazirliyinin müvafiq informasiya elektron portalına daxil edilməsi və nəticədə 2 №-li tam orta məktəbin 1-ci sinfinə qəbul etdirilməsi, 2021-ci ildə isə şagirdin tədris prosesində iştirakı olmadan növbəti 2-ci sinfə keçirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Siyəzən rayon prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, araşdırma zamanı valideynlərin bu barədə Yusif Ağayevin 1-ci sinfə qəbul olunması üçün digər tədris müəssisəsinə müraciət edərkən xəbər tutmaları və bu səbəbdən də azyaşlının təhsil alması üçün müraciət etdiyi Siyəzən şəhəri, 3 nömrəli tam orta məktəbdə 1-ci sinfə buraxılmaması müəyyən edilib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.