Komitə sədri şəhid ailəsi ilə görüşdü

 10:16 16.11.2021     273

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 12-16 iyul 2020-ci il Tovuz Döyüşlərində şəhid olmuş mayor Anar Novruzovun həyat yoldaşı, övladları və qardaşı ilə görüşüb.

Redaktor.az xəbər verir ki, komitə sədri, şəhidin ailə üzvlərini dinləyib, öz ürək sözlərini bölüşüb: "Siz, Vətən uğrunda öz canını qurban vermiş mərd zabitimizin ailə üzvlərisiz. Biz sizinlə Zəfər Günü ərəfəsində görüşürük. Bu Zəfər Bayramı, işğalçı düşmən üzərində qələbənin birinci ildönümü münasibəti ilə təbriki, sevinci, qüruru ən çox siz şəhid ailələri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid zabitimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Şəhid mayorumuz Azərbaycan Prezidentinin Sərəncamına (15.12.2020) əsasən "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. O, daha öncə bir sıra medallarla da təltif olunub. Bu gün biz sizinlə birgə, şəhidimizin həyat və döyüş yolunun da işıqlandırıldığı "Tovuz döyüşləri" kitabının təqdimatında iştirak etdik. Gələcəkdə də belə kitablar yazılacaq, başqa sənət növlərində də şəhidlərimiz haqqında yeni yaradıcı münasibətlərlə qarşılaşacağıq, əlbəttə. Əlbəttə, şəhidlərimizi heç zaman unutmayacaq, həmişə minnətdarlıqla xatırlayacağıq. 

Bu il şəhidimizin qızı ali məktəbə qəbulda uğur qazanaraq, bizləri sevindirdi, inanırıq ki, şəhidimizin oğlu da gələcəkdə yüksək nəticələrlə tələbə adı qazanacaq, atasının adına, Vətənimizə layiq övlad olacaq".

Komitə sədri şəhid zabitin ailə üzlərinə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib. 

Görüşdə RHİM İB sədri Arzu Bağırova, "Nəfəs" İB sədri Firəngiz Balakişiyeva iştirak edib.