ADAM kimi ADAM

 16:20 17.11.2021     873

Salam Abi. Bu gün sənin doğum günündür. Sən bu fani və etibarsız dünyaya xoş gəlmisən (düzünü deyim ki, «gəlmişdin» yazmağa əlim gəlmədi. Çünki sənin haqqında keçmiş zamanda yaza bilmirəm və deyəsən heç vaxt yaza bilməyəcəm). Səni tanıdığım 13 ildə ikinci dəfədir ad gününü birlikdə qeyd edə bilmirik. Daha doğrusu fiziki olaraq birlikdə qeyd edə bilmirik. Əslində səni bizdən ayıran cismindi, ruhun isə həmişə bizimlədi. Sən bilirsən axı biz dostlar ən azı ayda bir dəfə yığışıb axşam yeməyi yeyərək dərdləşirik. Elə bir məclis olmur ki, sənin kəlamlarından, söhbətlərindən misal gətirməyək, səni xatırlamayaq. Bilirəm bunlardan xəbərin var. Yuxarıda qeyd etdim axı, sənin ruhun həmişə bizimlədir. Mən ruhların varlığına inanan adamam.

...Düz bir il bundan öncə, noyabr ayının 16-da sənə zəng etdim ki, soruşum Abi 60 illiyini necə keçirəcəyik. Ailəvi, yoxsa özümüz. (Biz dostlar yubieyləri adətən ailələrimizlə birlikdə keçiririk, adi ad günlərini isə özümüz). Səsinin tonundan və öskürə-öskürə danışmağından vəziyyətinin heç də yaxşı olmadığını hiss etdim. Narahat olduğumu bildirəndə, həmişə olduğu kimi heç kimi narahat etməmək üçün «narahat olma brat, deyəsən özümü möhkəm soyuğa vermişəm. Bir az düzəlim yığışıb qeyd edərik inşallah dedin. Səhəri gün yəni noyabrın 17-də təbrik etmək üçün zəng etdikdə telefonun bağlı idi. Dostlarımız hamısı məndən soruşurdular ki, «Aydın müəllimin telefonu niyə bağlıdı?» Sonradan öyrənə bildik ki, səni «Yeni Klinika»ya yerləşdiriblər. Lənətə gəlmiş COVİD-19. Heç kimin heç nə edə bilməyəcəyi bir xəstəlik. Sən bundan da qorxulu xəstəliyə Allahın köməkliyi ilə qalib gəlməyi bacarmışdın. Amma bu dəfə....

Dekabrın 13-ü bizim hamımız üçün heç vaxt gəlməsini istəmədiyimiz bir günə çevrildi. O gün biz səni cismən itirdik. Hətta, bu itkiyə inana bilməsək də itirdik. Gözümüz görə-görə, bu itkinin qarşısını ala bilmədiyimiz üçün özümüzü qınaya-qınaya itirdik Səni. Abi belə bir atalar sözü var: «Adam var əldən gedir, adam var eldən gedir». Sən eldən getdin Abi. Sən doğulduğun evə, qoynunda böyüdüyün səfalı Kalva kəndinə, ən sonunda Vətənin Azərbaycana o qədər bağlı idin, o qədər bu torpağı sevirdin ki, «Fərqlənmə Diplom»  ilə bitirdiyin Poltava Dövlət İqtisadiyyat institutuna elmi-pedaqoji fəaliyyətə dəvət olunanda, bu təklifdən qəti  şəkildə imtina etdin.

Səni itirdiyimiz gün ancaq bir təsəllimiz vardı. Mənim nənəmin bir sözü var idi. Deyirdi ki, Allah sevdiyi bəndələrini yanına tez aparır. Sən Allahın və onun yer üzərindəki bəndələrinin ən sevimlisi idin. Səni tanıyanların heç birinin buna zərrə qədər də şübhəsi yoxdur. Sən öz ölümünlə, dünyanı fəth etmiş hökmdarların belə, adı gələndə qorxduğu ölümü bizim gözümüzdə adiləşdirdin.

...Abi bu gün sənin doğum günündür. Səni dostların Vidadinin, Allahverdinin, Ağakişinin, Xudaverdinin, Rövşənin və öz adımdan təbrik edirəm. Doğum günün kutlu olsun Aydın Zabit oğlu Mirzəməmmədov!

Seymur Şeydayev