"Təhsil nazirimiz bir araşdırma aparsın görək, onların neçəsi öz ixtisası üzrə çalışır?"

 17:32 18.11.2021     1897

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin dünən keçirilən iclasında “İşsizlikdən sığorta Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib, bir sıra vacib məsələlərə toxunub.

Redaktor.az xəbər verir ki, komitə sədri bildirib ki, ixtisası olan, peşə kursları keçmiş əlil vətəndaşların işlə təminatı məsələsində həssas yanaşmaya ehtiyac var. O, özəlliklə üç mərkəzi icra hakimiyyəti orqanının – Təhsil, Mədəniyyət, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin bu kateqoriyadan olan işsizlərin işlə təminatı məsələsində uyğun iş imkanlarına malik olduğunu vurğulayıb.

Q.Paşayeva Komitənin ƏƏSMN ilə sıx əməkdaşlıq etdiyini söyləyib, hər gün müxtəlif mövzularda nazirliyə müraciətlər edildiyini və o müraciətlərin öz müsbət həllini tapdığını vurğulayıb.

Peşə hazırlığı, ixtisasartırma kimi mövzularda büdcə ayırmalarının artırılmasının, peşəyönümlü məsələlərə dair məsləhətlərin də nəzərdə tutulmasını alqışladığını söyləyən Q.Paşayeva, bununla belə, ali təhsili yaxud peşə təhsili olan insanların işlə təminatı məsələsində yanaşmalarda baxışların ciddi dəyişilməsinə ehtiyac olduğunu deyib:

“Görmə imkanı məhdud olan müəllimin, mədəniyyət, rabitə işçisinin öz ixtisası üzrə çalışması fiziki qüsuru olmayan gənclər üçün bir nümunə təşkil edərdi. Biz bugünlərdə onların bir qrupu ilə görüşdük. Deyirlər ki, biz xüsusi imtiyaz istəmirik, yalnız bizim fiziki qüsurlarımız nəzərə alınaraq, yaşayış yerindən uzaq olmayan iş yerləri təklif olunsun. Onlar uzaq kəndlərdən gəlib, Bakıda ali və ya peşə təhsili alıblar, indi təhsil nazirimiz bir araşdırma aparsın görək, belə gənclərdən neçəsi öz ixtisası üzrə çalışır? Onlardan eləsi var, alman dili üzrə oxuyub, iş tapmayıb, sonra tarix ixtisasına yiyələnib, yenə iş tapmayıb, axırda gedib massajist işləyir... Eyni durum mədəniyyət sahəsində də var; məsələn, kitabxanaçı ixtisasına yiyələnən belə gənclər var, iş tapa bilmir. Bir də, rabitə sahəsində, məsələn, operator işində müvafiq peşə ixtisasına yiyələnmiş gənclərə iş təminatını xahiş edərdik.

Bir sözlə, görmə imkanları məhdud gənclərimizin işlə təminatında yeni baxışlar tətbiq olunsa, bunun yaxşı nəticələr verəcəyinə inanıram. Büdcə layihəsində nəzərdə tutulan vəsaitlərin də bu istiqamətdə xərclənməsinin məqsədəuyğunluğun olduğunu düşünürəm. Yəni yetərincə vəsait varsa, əgər zəruri kurslara da ehtiyac varsa, həmin vəsaitdən bu istiqamətə də  yönəldilərək, ali və ya orta ixtisas təhsilli vətəndaşlarımızı özlərinin sevərək seçdikləri ixtisas üzrə işlə təmin etmək çox yaxşı olardı".