Komitə sədri şəhid anası ilə görüşdü

 13:33 19.11.2021     305

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Azərbaycan Vətən müharibəsinin şəhidi Fəxri Qəribzadənin anası Mehparə xanımla görüşüb.

Şəhid anasını Milli Dirçəliş Günü münasibəti ilə təbrik edən Q.Paşayeva bu ay qeyd etdiyimiz digər bayramlar – Zəfər Bayramı, Bayraq günü, Konstitusiya Günü kimi, görüş gününə təvafüq edən Milli Dirçəliş Gününü də qeyd etməyə, bayramlarda anılmağa ən çox şəhid ailələrinin haqqı olduğunu vurğulayıb.

Q.Paşayeva qədirbilən xalqımızın bizə tarixi Zəfər qazandıran şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutduğunu vurğulayıb. Ali dövlət rəhbərliyinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, yaralı qazilərə, ümumən müharibə iştirakçılarına həssas qayğı və diqqətinin hər bir vəzifəli şəxs, məmur, millət vəkili, cəmiyyətin aparıcı qüvvələri üçün örnək təşkil etdiyini bildirib: “Övladınızın Vətən qarşısında xidmətləri heç vaxt unudulmayacaq. Şəhidlər yalnız mənsub olduqları ailələrə mənsub deyil, bütövlükdə xalqımızın dəyəridir. Şəhidlərimizin qanı yerdə qalmayıb, onlar xalqımıza qürur yaşadıb və düşmənə sağalmaz zərbələr vurub. Bu gün Şuşada bayrağımızın əzəmətlə dalğalanmasının, Qarabağda quruculuq-abadlıq işlərinin – Qarabağa mədəniyyət və qaynar həyatın qayıtmasının şəhidlərimizin ruhunu şad etdiyinə inanıram. Şəhidlərimiz bizim baş tacımız, and yerimizdir, onlara borcluyuq”.

Komitə sədri şəhid anasına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Fəxri Elmir oğlu Qəribzadə 1993-cü ildə Bərdə rayonunun Güloğlular kəndində doğulub. O, evin tək oğlu idi. 27 sentyabr 2020-ci ildə düşmənin törətdiyi növbəti hərbi təxribata qarşı əks-hücuma başlanınca, Fəxri Qəribzadə Suqovuşanın azad edilməsində iştirak edib. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Fəxri Qəribzadə Azərbaycan Prezidentinin  sərəncamları ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ruhu şad olsun!