Deputat Milli Məclisdən kirayə pulu aldığını təkzib etdi

 21:56 20.11.2021     389

Milli Məclisin deputatı Emin Hacıyev sosial şəbəkədə paylaşım edərək media nümayəndələrinə və sosial media istifadəçilərinə müraciət edib.

Redaktor.az-ın məlumatına görə, o bildirib ki, bəzi saytlarda və sosial şəbəkələrdə bir neçə gündür barəsində Bakıda kirayədə yaşaması və buna görə ona müəyyən vəsaitin ayrılması ilə bağlı xəbərlər yer alıb:

"Bildirmək istəyirəm ki, ev kirayəsi üçün hər hansı bir vəsait almağım və ya bununla bağlı müraciət etməyim barədə yayılan məlumatlar doğru deyil.

Bəzi sosial şəbəkə və media platformalarını informasiyanı dəqiqləşdirməmiş, heç bir araşdırma aparmamış ictimailəşdirməməyə və sağlam əməkdaşlığa dəvət edirəm.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tarixi qələbə qazandı, biz Qarabağımıza qayıtdıq və artıq biz qalib ölkənin vətəndaşlarıyıq. Cənab Prezidentin bu gün elan etdiyi prioritetlər və həyata keçirdiyi siyasət Qarabağın dirçəlməsinə və inkişafına yönəlib. Biz də hər bir Azərbaycan vətəndaşı və hər bir millət vəkili kimi bu işdə öz töhfəmizi verməyə hazırıq və Milli Məclisin sədri Sahibə xanım Qafarova bunu öz çıxışında bildirib".

Qeyd edək ki, bəzi saytlar Emin Hacıyevin Bakı şəhərində kirayədə yaşadığına görə Milli Məclisdən hər ay 220 manat kirayə pulu aldığını yazmışdı.

Xatırladaq ki, Emin Hacıyev Milli Məclisdə 43 saylı Sumqayıt üçüncü seçki dairəsini təmsil edir.