Millət vəkili şəhid anası ilə görüşdü

 21:03 21.11.2021     270

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Məhyəddin Məmmədovun anası və ailə üzvləri ilə görüşüb.

Redaktor.az xəbər verir ki, millət vəkili bu il ilk dəfə bayram etdiyimiz Zəfər Gününün sevinc, fərəh və qüruru üçün şəhidlərimizin əziz ruhuna minnətdar olduğumuzu, həmişə də minnətdar olacağımızı vurğulayıb. O, ali dövlət rəhbərliyinin şəhid ailələrinə, yaralı qazilərimizə, müharibənin bütün iştirakçılarına və zərər görmüşlərinə göstərdiyi xüsusi diqqət və qayğının hər bir dövlət işçisi, deputat və ictimai fəal qüvvələr üçün örnək olduğunu bildirib. 

Şəhidin anası Hicran xanım Məhyəddin Məmmədovun 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan əks hücum vaxtı, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğunu bildirib.

Qeyd edək ki, Vətən Müharibəsinin şəhidi Məhyəddin Yaşar oğlu Məmmədov (17 avqust 1998, Ağdaş - 27 sentyabr 2020, Tərtər rayonu) - Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu idi. Şəhidlərimiz Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhyəddin Məmmədov "Vətən uğrunda" medalı ilə təltif edilib. Şəhid kiçik cavuşumuz həmçinin, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Ruhu şad olsun!