Qənirə Paşayeva şəhid anası ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan qəhrəman şəhidimiz Fərid Əliyevin anası Rəna xanım Vəliyeva ilə görüşüb.
Redaktor.az xəbər verir ki, komitə sədri bizə şanlı Qələbə qazandırmış əziz şəhidlərimizin xatirəsinin xalqımız, dövlətimiz tərəfindən hər zaman qədirbilənliklə uca tutulduğunu, həmişə də belə olacağını deyib:
“Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın şəhid ailələrinə, yaralı qazilərə, müharibənin bütün iştirakçılarına, müharibədən zərər çəkmiş hər bir vətəndaşımıza həssas diqqət, qayğısı cəmiyyətimiz üçün bir örnək təşkil edir. Oğlunuzun Vətən qarşısında xidmətləri heç vaxt unudulmayacaq. Şəhidlər yalnız öz ailələrinə mənsub deyil, bütövlükdə xalqımızın dəyəridir. Ulu Tanrıya şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, onlar xalqımıza qürur yaşadıb və mülki əhaliyə qarşı soyqırım törətmiş düşmən ordusundan döyüş meydanında ağır intiqam alıb. Biz bu il ilk dəfə tarixi Zəfərimizi bayram etdik. Qarabağımıza mədəniyyət və qaynar həyatın qayıtmasının şəhidlərimizin ruhunu şad etdiyinə dərindən inanıram. Şəhidlərimiz bizim baş tacımız, and yerimizdir, onlara ömür boyu borcluyuq”.
Qeyd edək ki, Vətən Müharibəsinin şəhidi Fərid Hamlet oğlu Əliyev (22.03.2001, Kürdmaşı, İsmayıllı–28.09.2020, Horadiz, Füzuli) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri idi. 2018-ci ildə C.Həsənov adına Kürdmaşı kənd tam orta məktəbindən məzun olan Fərid Əliyev həmin il İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin "Turizm və onun təşkili" ixtisasına qəbul olunub. 2019-cu ildə təhsilinə fasilə verərək hərbi xidmətə gedib.
Şəhidimizin atası-anası müəllimdir.
Şəhid əsgərimiz evin tək və subay oğlu idi.
Fərid Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq, şəhid olub. Şəhidimiz sentyabrın 28-də doğulduğu kənddə dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Fərdi Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. O, həmçinin “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Ruhu şad olsun!