İlham Əliyev səfirlərin etimadnaməsini qəbul etdi - FOTO

 21:25 22.11.2021     277

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakubu Santuraki Suleymanın etimadnaməsini qəbul edib.

Redaktor.az xəbər verir ki, səfir Yakubu Santuraki Suleyman etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyini deyib, işğal dövründə Nigeriyanın hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirib. Dövlət başçısı münaqişənin artıq hərbi-siyasi yollarla həllini tapdığını vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilə qədər uzadılması məsələsinə Nigeriyanın verdiyi dəstəyə görə minnətdarlığını bildirib, bunu etimad və dostluq əlaməti kimi qiymətləndirib. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərin hüquqlarını müdafiə etdiyini, beynəlxalq hüququ və ədaləti dəstəklədiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev Yakubu Santuraki Suleymanın səfirlik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Səfir Yakubu Santuraki Suleyman Nigeriya Prezidenti Muhammadu Buharinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Nigeriya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Səfir Nigeriya və Azərbaycanın həmişə ədalətin tərəfdarı olduqlarını deyib, ölkəsinin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə, xüsusilə Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib.

Görüşdə ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin olduğu vurğulanıb, ticari münasibətləri genişləndirmək üçün imkanların mövcudluğu qeyd edilib.

Azərbaycanın Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərindən olan tələbələrin ölkəmizdə təhsil almaları üçün təqaüd ayırdığını və Nigeriyadan olan tələbələrin bu təqaüd proqramı çərçivəsində Azərbaycanın ali məktəblərində təhsil aldıqları vurğulanıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Uqanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Muhammad Tezikuba Kisambiranın etimadnaməsini qəbul edib.

Redaktor.az xəbər verir ki, səfir Muhammad Tezikuba Kisambira etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Görüşdə ölkələrimiz arasında əlaqələrin yaxşı səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin olduğu bildirilib. Həmçinin Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Bu baxımdan Prezident İlham Əliyev Uqanda Respublikasının Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilə qədər uzadılması ilə bağlı verilən qərara göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Dövlət başçısı qeyd edib ki, bu hərəkatın sədri kimi Azərbaycan üzv dövlətlər arasında birliyin gücləndirilməsi, xüsusilə COVID-19 ilə mübarizədə praktiki dəstəyi təmin etmək üçün fəal iş aparıb. Azərbaycan Prezidenti ölkəmizin bundan sonra da Qoşulmama Hərəkatına üzv olan ölkələr arasında əlaqələrin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, artıq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə (ASAN xidmət) Uqandanın müvafiq qurumu arasında anlaşma memorandumu imzalanıb. Qeyd olunub ki, “ASAN xidmət”in Uqandada yaradılması prosesinə dəstək istiqamətində ölkəmizdəki müvafiq qurumlar tərəfindən iş aparılır.

Söhbət zamanı Azərbaycanın UNESCO-nun xətti ilə Keniya, Tanzaniya və Uqandada gənc qızların təhsilini nəzərdə tutan etimad fondu layihəsinə dəstəyi yüksək qiymətləndirilib.

Uqanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Muhammad Tezikuba Kisambira Uqanda Prezidenti Yoveri Museveninin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev Uqanda Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Uqanda dövlətinin başçısına çatdırmağı xahiş edib.

Muhammad Tezikuba Kisambira bildirib ki, ölkəmizə səfir təyin olunarkən Uqanda Prezidenti ona beynəlxalq aləmdə ölkələrimiz arasında siyasi dəstəyi gücləndirmək barədə tapşırıq verib. Səfir Prezident İlham Əliyev üçün uyğun vaxtda Uqandaya səfər etməklə bağlı ölkəsinin rəhbərliyinin dəvətini dövlət başçısına çatdırıb. O, həmçinin vurğulayıb ki, Uqanda rəhbərliyi Azərbaycanın bu ölkəyə investisiya yatırmasında maraqlıdır. Diplomat deyib ki, Uqanda Afrika qitəsində turizm sahəsində ölkəmizin təmsil olunması işinə töhfə verməyə hazırdır.

 

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narinenin etimadnaməsini qəbul edib.

Redaktor.az xəbər verir ki, səfir Kirsti Narine Finlandiya Prezidenti Sauli Niinistönün salamlarını dövlətimizin başçısına çatdırıb və etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Azərbaycan Prezidenti Finlandiya Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Finlandiya dövlətinin başçısına çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Finlandiya Prezidenti ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini xatırladıb. Dövlət başçısı regionda vəziyyətin dəyişdiyini və regional əməkdaşlıq üçün geniş imkanların yarandığını vurğulayıb.

Səfir Kirsti Narine ölkələrimiz arasında çoxlu oxşarlıqların olduğunu deyib, əlaqələrimizi genişləndirmək üçün imkanların mövcudluğunu qeyd edib. Səfir Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini yüksək qiymətləndirib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın, regionda sülhün və sabitliyin gücləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

2222222222