Özbəkistanın mətbuat nümayəndələrinin Azərbaycana media-turu başlayıb - FOTO

 22:16 22.11.2021     708

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın populyar, çox oxunan “Qalampir.uz”, “darakchi.uz” xəbər portalların jurnalistləri, Özbəkistan-Türkiyə birgə layihəsi “Özbekistanhaber” informasiya portalının jurnalistləri, tanınmış “Siyasət” jurnalının redaktorları və sosial şəbəkələrdə olduqca fəal olan, Azərbaycana yaxınlığı ilə seçilən tanınmış blogerlərin Azərbaycana media-tur təşkil olunub.

Redaktor.az xəbər verir ki, sözügedən jurnalistlər və onların təmsil etdiyi informasiya orqanları daim Azərbaycan həqiqətlərini təbliğ edir, Vətən müharibəsində də Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq edərək, ölkəmizə yaxından dəstək göstəriblər.

Mediatur zamanı jurnalistlərdən ibarət sözügedən heyət cari il 21-22 noyabr tarixlərində Azərbaycan Respublikasının  Füzuli və Şuşa rayonlarınında olub, materiallar hazırlayıb, müsahibələr götürərək çəkilişlər aparıblar.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun müşayiət etdiyi nümayəndə heyətinə Ermənistan ordusunun işğal etdiyi bu torpaqlarda həyata keçirdiyi vandalizm siyasəti, tarixi və dini abidələrin dağıdılması, məhv edilməsi, habelə azad edilən ərazilərimizdə dövlətimiz tərəfindən aparılan geniş quruculuq işləri haqqında geniş məlumat verilib.

Qeyd edək ki, layihəyə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət Komitəsi, Yazıçılar Birliyi dəstək göstərir.

Jurnalistlər Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada olaraq bir sıra tarixi abidələri ziyarət ediblər.

Bundan başqa, Azərbaycan Dövlət Televiziyasının "Körpü" verilişinin Şuşada qala qapılarının yanında hazırlanan xüsusi çəkilişində də iştirak edib, Türk dünyasının həmrəyliyi, Vətən müharibəsi, Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması ilə bağlı çıxışlar ediblər.

Mediatur hazırda davam edir. Jurnalistlər Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən keçirilməsi planlaşdırılan Nizami Gəncəvi Beynəlxalq Simpoziumunda iştirak edəcəklər.

22222