"AZGRANATA" 10 illik yubileyi münasibətilə tədbir keçirdi - VİDEO

Azərbaycan və dünya bazarında özünəməxsus yer tutan və məhsulları artıq brendə çevrilən "AZGRANATA" MMC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, Ağsu rayon icra başçısı, hökumət və qeyri-hökumət təşkilatları rəhbərləri və rayon ictimaiyyətinin qatıldığı tədbirdə əvvəlcə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən icra başçısı Rövşən Bağırov "AZGRANATA" MMC-nin kollektivini təbrik edərək, şirkətin Ağsu rayonu üçün əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sahibkarlığa diqqət və qayğı "AZGRANAT"nı da əhatə edib. Onun sözlərinə görə, "AZGRANATA" MMC-nin fəaliyyəti də sahibkarlığa verilən qiymətin bariz nümunəsidir. İcra başçısı şirkətin rayonun sosial-iqtisadi həyatına verdiyi töhfədən danışaraq, istehsal olunan brend məhsulların dünya bazarında nəinki Ağsunu, həm də Azərbaycanı təmsil etdiyini vurğulayıb.
Daha sonra R.Bağırov şirkətin Vətən müharibəsində iştirak edən əməkdaşlarını mükafatlandırıb.
Tədbirdə çıxış edən "AZGRANATA" MMC-nin İdarə Heyətinin sədri Ceyhun Bəxtiyarlı şirkətin 10 illik fəaliyyəti dönəmində artan istehsalatından danışıb. O qeyd edib ki, şirkət yüksək keyfiyyətli məhsulları ilə Azərbaycan bazarında özünəməxsus yer tutur. Sədr "AZGRANATA" MMC-nin inkişafına töhfə verən hər kəsə öz təşəkkürünü bildirərək, şirkətin qabaqcıl əməkdaşlarına mükafatlar təqdim edib.
Şirkətin alkoqollu içkilər üzrə istehsalat müdiri Yusif Ləzgiyev çıxışında "AZGRANATA" MMC-nin həyata keçirdiyi kadr siyasətini yüksək qiymətləndirib. O qeyd edib ki, şirkət peşəkar əməkdaşlar yetişdirmək üçün onların təhsilinə xüsusi önəm verir və buna görə də "AZGRANATA" əməkdaşları dünyanın və Avropanın bir çox qabaqcıl ölkələrində təhsil alaraq, bu sahədə yenilikləri ölkəmizdə tətbiq edirlər.
Tədbirdə digər çıxışlar da dinlənilib.
Xatırladaq ki, "AZGRANATA" MMC Prezident İlham Əliyevin iştirakı ilə 30 oktyabr 2011-ci ildə fəaliyyətə başlayıb.
Ağsu rayonunda 14 hektar sahəni əhatə edən meyvə şirələri və şərab emalı zavodunda müxtəlif növ meyvə şirələri, kompotları, konsentrat, limonad, üzüm yarpağı, mürəbbə, abqora ilə yanaşı, müxtəlif şərablar, viski, konyak, rakı, meyvə araqları və vodka istehsal edilir. Zavodun illik istehsal gücü meyvə şirələri üçün 100 milyon qablaşdırma, alkoqollu içkilər üçün isə 24 milyon butulka təşkil edir.
Müəssisədə istehsal edilən bir çox brendlər daxili bazarla yanaşı, xarici bazarda da yerini möhkəmləndirir. Hazırda dünyanın 30 ölkəsinə məhsul ixrac edən zavodun ixrac potensialı artmaqda davam edir.
Şirkət hər il dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq sərgilərdə ölkəmizi layiqincə təmsil edir.
Cənubi Qafqazın ən böyük meyvə şirəsi və şərab istehsalçılarından olan "AZGRANATA" MMC daim özünəməxsus yenilikləri ilə diqqət çəkir. Belə ki, cari ildə bir çox yeni məhsullarını satışa çıxarmaqla yanaşı, şirkət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və “AZGRANATA” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında birgə elmi-təcrübi əməkdaşlıq və istehsalın yaradılması haqqında müqavilə imzalanmışdır. Bununla yüksək keyfiyyətli milli şərab brendlərinin istehsalı məqsədilə Azərbaycanın yerli üzüm sortlarının (Mədrəsə, Xindoqni, Bayanşirə, Şirvanşahı, Həməşərə və s.) biokimyəvi texnoloji göstəricilərini müasir metodlar əsasında öyrənilməsi, onların artırılması və becərilməsini həyata keçirilməsi planlaşdırılır.
"AZGRANATA" həm də Azərbaycanda xeyriyyəçi əməlləri ilə tanınan şirkətdir. Belə ki, 44 günlük Vətən Müharibəsi dönəmində qəhrəman hərbçilərimizə və Ordumuza dəstək göstərib. Buna görə Qarabağ Dirçəliş Fondu tərəfindən mükafatlandırılıb. Şirkət həm də COVID-19 pandemiyası ilə mübarizədə dövlətimizə dəstək göstərib. Eyni zamanda səmərəli fəaliyyətinə görə bir çox beynəlxalq və yerli mükafatlara da layiq görülüb.