İraqın müvəqqəti işlər vəkili Milli Məclisə gəldi - FOTO

 20:04 23.11.2021     280

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva İraq Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Maki Ressan Al-Mamori ilə parlamentdə görüşüb.

Redaktor.az xəbər verir ki, görüş zamanı, Azərbaycan və İraq arasındakı mədəni əməkdaşlıq, o cümlədən ikitərəfli əməkdaşlığın müxtəlif əməli çalışma sahələri üzrə inkişafı, qarşılıqlı maraq doğruan digər məsələlər müzakirə edilib. Son zamanlar qlobal pandemiyanın iki dost ölkə arasındakı sıx gediş-gəlişə, ardıcıl tədbirlərin keçirilməsinə də təsir göstərdiyi qeyd olunub.

Q.Paşayeva dahi Azərbaycan şairi Məhəmməd Füzulinin, İraq Türkman mədəni irsinin, ümumən iraqlı soydaşlarımızın iki ölkə arasında möhkəm mənəvi körpülər təşkil etdiyini vurğulayıb. Bakı ilə Bağdad başda olmaqla iki dost ölkə arasında birbaşa uçaq reyslərinin açılması, qarşılıqlı əlaqələrin bütün sferalar üzrə inkişafının hər iki ölkə üçün faydalı olduğuna inamını bildirib.

Komitə sədri diplomata Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

İraq Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Maki Ressan Al-Mamori görüş və faydalı fikir mübadiləsi üçün Q.Paşayevaya təşəkkür edib.

2222