"Kəlbəcərə də tezliklə həyat qayıdacaq" - Tamam Cəfərova

 11:33 25.11.2021     581

"Azərbaycan xalqı böyük sevinc və fərəh hissi ilə Kəlbəcər rayonunun işğaldan azad olunmasının birinci ildönümünü qeyd edir. Hamıya məlum olduğu kimi, Kəlbəcər rayonunun hərbi-siyasi yolla işğaldan azad olunması ötən il imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Bəyanatın şərtlərinə əsasən 2020-ci ilin noyabrın 25-də Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. Bununla da, noyabrın 25-də Azərbaycanın işğal altında olan ən böyük rayonu – Kəlbəcər işğaldan azad edildi. Azərbaycan hərbi-siyasi yolla beynəlxalq hüququn aliliyini və tarixi ədaləti bərpa etdi. Bu baxımdan Ağdam, Kəlbəcər və Laçın rayonlarının hərbi-siyasi yolla işğaldan azad olunması Azərbaycanın böyük siyasi-diplomatik qələbəsidir".

Redaktor.az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat açıqlamasında bildirib ki, 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. Erməni vandalları tərəfindən Kəlbəcər rayonunun onlarla tarixi mədəniyyət abidələri, sosial infrastrukturu dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Hətda mənfur düşmən üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Kəlbəcər rayonunu tərk edərkən, 1992-ci ildə olduğu kimi, vandallıqlarından əl çəkməyərək barbarlıqlarını davam etdirdilər. Kəlbəcəri tərk edərkən evləri yandırır, infrastrukturu məhv edir, meşələrə od vurur, ağacları kütləvi şəkildə kəsərək yük maşınları ilə Ermənistana daşıyırdılar. Faktiki olaraq Ermənistan dünyanın gözü qarşısında Azərbaycan təbiətinə qarşıekoloji terror törətdi. Əminliklə deyə bilərik ki, Azərbyacan Ermənistan üzərində qazandığı böyük qələbə nəticəsində tarixi torpaqllarımızı işğaldan azad etməklə yanaşı, erməni faşizminə də qalib gəlmişdir. Cənab Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa etdiyi müraciətində bu məsələyə toxunaraq demişdi:

"Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”.

Bəli, cənab Prezidentin də dediyi kimi, bu, erməni faşizmi üzərində qələbə idi".

Kəlbəcər rayonunda həyata keçirilən quruculuq işlərinə diqqət çəkən millət vəkili Tamam Cəfərova qeyd edib ki, erməni vandallarının törətdiyi bütün cinayətlərə baxmayaraq, Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilmişdir. İşğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Cari ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub. Beləliklə Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək. Daha sonra “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlıq olub, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı edilib. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyulub.

Əminliklə deyə bilərik ki, işğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi Kəlbəcərə də tezliklə həyat qayıdacaq və Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək. Bir daha Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə kəlbəcərlilər başda olmaqla, bütün Azərbaycan xalqını təbrik edirəm".