Sabir Rüstəmxanlıdan AzTV-yə ETİRAZ: "Düşmənin xaraba qoyduğu bu ağlar yurdda..."

 23:01 25.11.2021     3210

"Ənənəvi musiqi üçlüyü: Tar və kamança çalanlar, bir də müğənni, əlində qaval... Çalıb-oxumaq üçün haranı seçsələr yaxşıdır? Zəngilan rayonunun işğalçılar tərəfindən dağıdılmış bir kəndini..."

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı özünün feysbuk hesabında yazıb.

"Hərəsi bir uçuq divarın üstündə oturublar. Nə olar! Burda da oxumaq olar. Düşündüm ki, indi savaşın gətirdiyi faciələr haqqında və ya bu kəndin harayına bənzər bir ifa səslənəcək... Ancaq mahnını dinləyəndə heyrətə gəldim. Burda, düşmənin xaraba qoyduğu bu ağlar yurdda da son illər müsiqimizi işğal etmiş şit diringi əsəblərimi cırmağlamağa başladı... İnsan ğözüyumulu və əhlikef olmalıdır k, bir yurdun uçuq divarının üstündə, dağılmış bir kənddə oturub "Könüllər cəlb edən bu xoş mənzərə..." deyib oxusun. 

Görəsən bu üç sənət adamı ətrafa baxmırdılar? Düşünmürdülər ki, bu ürək dağlayan görüntüyə "xoş mənzərə" demək olmaz? AzTV-nin yaxşı niyyət güdən bu layihəsinin belə gülünc hala salınmasına təəssüfləndim...", - deyə millət vəkili bildirib.