İki dəfə kliniki ölüm keçirən 10 yaşlı qız həyata qayıtdı

 10:16 26.11.2021     346

Pomidor turşusunda zəhərlənərək vəziyyəti ağırlaşan və iki dəfə kliniki ölüm keçirən 10 yaşlı Aytac Mirzəyeva həyata qayıdıb.

Redaktor.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iki həftəlik mübarizədən sonra həkimlərin səyi nəticəsində Aytac süni tənəffüs aparatından ayrılıb və danışmağa başlayıb.

Belə ki, noyabrın 12-də Aytac və atası Ricay Mirzəyev pomidor turşusundan ağır zəhərlənmə ilə Füzuli rayonundan Bakı şəhərinə gətirilmişdi. Kliniki Tibbi Mərkəzə çatdırılan hər iki xəstəyə dərhal tibbi müdaxilə olunmasına baxmayaraq, həmin günü gecə saatlarında Ricay Mirzəyev dünyasını dəyişmişdi. Yeniyetmənin isə vəziyyəti olduqca ağır idi.

2 saylı Kliniki Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə köçürülən yeniyetmə xüsusi nəzarətə götürülüb və həyatda qalması üçün bütün imkanlar səfərbər edilib. Bununla belə müxtəlif günlərdə iki dəfə kliniki ölüm keçirməsinə baxmayaraq, həkimlərimizin səyi ilə Aytac Mirzəyeva həyata qayıdıb. Tibb işçiləri onun həyatda qalmasını bir möcüzə hesab edir.