Elman Rüstəmov bu vəzifəsindən getdi

 13:41 26.11.2021     176

Azərbaycan Şahmat Federasiyasının yeni prezidenti seçilib.

Redaktor.az xəbər verir ki, Mahir Məmmədov federasiyanın yeni prezidenti olub. O, bu postda Elman Rüstəmovu əvəzləyib.

Hesabat-seçki yığıncağında Azərbaycan Şahmat Federasiyasının fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Sonra Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib. Səsvermə nəticəsində uzun illər federasiyada vitse-prezident kimi çalışan, həm də Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti olan Mahir Məmmədov 4 il müddətinə federasiyanın prezidenti seçilib.

Faiq Həsənov federasiyanın I vitse-prezidenti, Seymur Talıbov isə vitse-prezident kimi işini davam etdirəcək. Federasiyanın prezident və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqlənib. Eyni zamanda Sərxan Həşimov (Vüqar Həşimovun qardaşıdır – S.M.) və beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov İcraiyyə Komitəsinə üzv seçilib.

Tədbirdə çıxış edən federasiyanın yeni prezidenti Mahir Məmmədov qarşıda idmançılarımızı bir sıra nüfuzlu yarışların gözlədiyini bildirib. O, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.

Sloveniyada komandalar arasında Avropa çempionatında bürünc medal qazanan qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvləri, eləcə də kişilərdən ibarət Azərbaycan yığmasının üzvü Nicat Abbasova (beşinci lövhədə yaxşı çıxış etdiyi üçün – S.M.) pul mükafatları təqdim edilib, onlara gələcək yarışlarda uğurlar arzulanıb.