Azərbaycanda mətbuat ombudsmanı da yaradılacaq?

 11:27 02.01.2022     21974

Azərbaycanda zaman-zaman mətbuat omudsmanının yaradılması ilə bağlı təkliflər verilib, müzakirələr aparılıb. Amma belə bir təsisatın yaradılması baş tutmayıb.

Qeyd edək ki, ötən ilin sonunda Milli Məclis "Media haqqında" yeni qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Prezident təsdiqləyəcəyi təqdirdə, yeni qanun bu ildən qüvvəyə minməlidir. Bəs yeni qanundan sonra Azərbaycanda mətbuat ombudsmanının yaradılmasına ehtiyac varmı?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli cavablandırdı. O bildirdi ki, Azərbaycanda mətbuat ombudsmanı institut kimi fəaliyyət göstərməlidir:

"Mətbuat ombudsmanı əslində "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq yaradılmalı idi. Jurnalistlərin və vətəndaşların informasiya əldə etmək hüququ pozularsa, yəni onların informasiya əldə etməsinə maneçilik törədilərsə, o zaman mətbuat ombudsmanı işə müdaxilə edə bilər. Təcrübə göstərir ki, bu institut olmadan da media öz fəaliyyətini davam etdirə bilir. Lakin mətbuat ombudsmanının olması daha yaxşıdır. Bəzən jurnalistlərin informasiya əldə etməklə bağlı müxtəlif problemləri yaranır. Bütün bunları məhkəmə müstəvisinə keçirmək də mümkün olmur. Bu mənada özünü tənzimləmə qurumu olaraq mətbuat ombudsmanının yaradılması yaxşı olardı. "Media haqqında" yeni qanun media, media subyektləri, mediada çalışanların hüquq və vəzifələrini tənzimləyir. Bu, media müstəvisini tənzimləyəcək bir qanundur. 2005-ci ildə informasiya əldə etmək haqqında qanun qəbul olunanda müstəqil mətbuat ombudsmanının yaradılması nəzərdə tutulmuşdu. Lakin bu funksiya İnsan Hüquqları üzrə müvvəkkilin, yəni respublika Ombudsmanının üzərinə köçürüldü. Hesab edirəm ki, mətbuat ombudsmanı institut kimi fəaliyyət göstərməlidir". 

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirdi ki, belə bir postun yaradılmasına ehtiyac yoxdur: 

“Azərbaycanda mətbuat ombudsmanına ehtiyac olub-olmadığına dair uzun müddətdir ki, müzakirələr aparılır. Hesab edirəm ki, buna ehtiyac yoxdur. Azərbaycan böyük dövlət olsaydı, təkcə media yox, sənaye, kənd təsərrüfatı, biznes və digər sahələr üzrə ayrılıqda ombudsmanın yaradılmasına ehtiyac olardı. Dünya təcrübəsində belə postlar var. Nəzərə almaq lazımdır ki, Azərbaycan kiçik ölkədir. Biz müharibədən təzə çıxmışıq. Maliyə imkanlarımız da o qədər böyük deyil. Bu mənada ayrıca media ombudsmanının yaradılmasına qəti şəkildə ehtiyac yoxdur. Medianın hüquqlarının daha yaxşı müdafiə olunması üçün ölkə Ombudsmanın fəaliyyətini media istiqamətində bir qədər aktivləşdirməyə ehtiyac var. Əgər ölkə Oombudsmanı media cameəsini narahat edən problemlərin üstünə cəsarətlə və hərtərəfli formada gedə bilsə, ayrıca bir postun yaradılmasına ehtiyac qalmayacaq”.

Şəbnəm Mehdizadə