Nazirin blok etdiyi gənc müəllim danışdı: "İstəyirəm ki, müraciətlərim cavabsız qalmasın"

 11:37 26.12.2021     15262

“Ağır dərəcəli skoliozdan əziyyət çəkirəm. Təcili olaraq Türkiyədə əməliyyat olunmalıyam. Çünki ölkəmizdə bu əməliyyat üçün lazımi cihaz yoxdur. Bu əməliyyat üçün isə 30 min dollar vəsait lazımdır. Buna görə də Heydər Əliyev fonduna müraciət edirəm”.

Bu sözləri Redaktor.az-a ağır dərəcəli skoliozdan əziyyət çəkən gənc müəllim Elnarə Məhərrəmova deyib. O bildirib ki, dəfələrlə Heydər Əliyev Fonduna və Təhsil Nazirliyinə müraciətlər edib. Lakin bütün müraciətləri cavabsız qalıb:

“Əvvəlcə təhsil aldığım universitetə müraciət etdim. Bildirildi ki, siz artıq tələbə olmadığınız üçün biz fonda belə bir müraciət göndərə bilmərik. Oradan məni yönəltdilər ki, əgər siz müəllim işləyirsinizsə, Təhsil Nazirliyinə müraciət etməyiniz daha doğru olar. Çünki nazirlikdən bu barədə fonda məktub göndərilərsə, daha tez cavab əldə etmək mümkündür. Hamı bilir ki, fonda müraciətlər həddən çoxdur. Mənə nazirlikdən bir neçə şəxs yönəldildi. Onlardan biri də mətbuat katibi Cəsarət Valehov idi. Dəfələrlə onlara mesaj yazdım və mesajlarımı oxuyub cavabsız qoydular. Nazirlikdən Səbuhi adlı bir şəxslə telefonla danışa bildim. O bildirdi ki, belə bir şey mümkün deyil ki, nazirlikdən fonda məktub göndərilsin. Lakin şifahi məlumat verə bilərik. Bu da Ramazan bayramı ərəfəsi idi. Qeyri-iş günləri idi deyə, nə necə oldu, xəbər tuta bilmədim. Mənə bildirildi ki, fonda məlumat  vermişik. Xeyli gözləsəm də cavab gəlmədi. Daha sonra nazirlikdən direktoruma zəng edərək mənim nömrəmi götürüblər. Problemimlə maraqlandılar. Vəziyyəti izah edəndən sonra dedilər ki, siz yeni və üzərində tarix olan ərizə ilə müraciət edin. Bu dəfə də heç bir cavab gəlmədi. Heç bilmədim o ərizənin axırı necə oldu. Daha sonra dərs ili başladı və mən koronavirusa yoluxdum. Bir ay evdən çıxa bilmədim. Nazirin özünə sosial mediadan müraciət etmişdim. Lakin Emin Əmrullayev məni sosial medida blok etdi. Məsələ ictimailəşəndən sonra yenidən blokdan çıxardı. Onun məni blok etməsi, məni maraqlandırmır. Mən istəyirəm ki, mürcaiətlərim cavabsız qalmasın”.

Elnarə Məhərrəmova deyir ki, onu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən travmatologiyaya yönəldiblər.

“Bildirdilər ki, orada müayinədən keçməlisiniz. Mən də dediklərini olduğu kimi yerinə yetirdim. Rentgen olundum, həkim məni müayinə edərək bildirdi ki, ağır dərəcəli skolioz var. Burada əməliyyat olunmağım mümkün deyil. Çünki lazımi cihaz ölkəmizdə yoxdur. Daha sonra İcbari Tibbi Sığortadan məktub gəldi ki, pandemiya ilə bağlı olaraq sizi göndərə bilməyəcəyik. Koronavirusa yoluxduqdan sonra sağlamlığımla bağlı olaraq müraciət edə bilməmişəm. Müraciətlərimin cavabsız qalması da məni bir qədər həvəsdən saldı. Lakin yenə müraciət edəcəm. Çünki bilirəm ki, o müraciətlərə baxılır. Tanıdığım bir nəfər fonda müraciət etdi və müraciəti təmin olundu. Hətta sonradan fizioterapeyaya da fonun hesabına getdi. Lakin bu xanım heç bir yerdə işləmirdi. Tanışı vasitəsilə Rəssamlıq Akademiyası adından fonda müraciət edildi. Mənim müraciətlərimə niyə baxılmır, bunu başa düşmürəm. Bilirəm ki, nazirlik fonda müraciət etsə mənim müraciətimə müsbət cavab veriləcək. İstəsəydim mən də kart hesabı açıb, sosial mediada paylaşardım. Lakin bunu istəmirəm”.

Şəbnəm Mehdizadə