Əmək Nazirliyinin yaradılmasından 103 il ötür - FOTO

 14:23 26.12.2021     438

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 103 ili tamam olur.

Redaktor.az xəbər verir ki, 1918-ci il dekabrın 26-da Poçt, Teleqraf və Əmək Nazirliyi, daha sonra ayrıca qurum kimi Əmək Nazirliyi yaradıldı. Həmin gün (1918-ci ilin 26 dekabrı) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradıldığı gündür.

Poçt, Teleqraf və Əmək Nazirliyi və az sonra qurulan Əmək Nazirliyi əmək, məşğulluq, sosial müdafiə sahəsində mühüm qərarlar qəbul edib, sosial əhəmiyyət kəsb edən məsələlərin həlli istiqamətində bir sıra zəruri addımların atılmasına nail olub.

1970-80-ci illərdə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial inkişaf istqamətində də böyük irəliləyişlər əldə olunub. Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın çağırışı ilə yenidən respublikamıza rəhbərliyə qayıtdıqdan sonra da müstəqil dövlət quruculuğunu uğurla həyata keçirməklə bərabər, dövlətimizin uğurlu sosial siyasətinin formalaşmasını, sosial rifahın yaxşılaşdırılması, həssas qrupların dövlət qayğısı ilə əhatə olunması istiqamətində mühüm tədbirlərə başlanmasını təmin edib.

Bu sosial siyasət  Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması nəticəsində son 18 ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması, əhalinin məşğulluq imkanlarının artırılması, əmək, məşğulluq, sosial təminat sistemlərinin müasir tələblərə uyğun qurulması istiqamətində mühüm addımlar atılıb.

Ölkə Prezidentinin tapşırıqları əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən öz fəaliyyətnin bütün istiqamətləri üzrə reallaşdırılan islahatlar geniş miqyas alıb, sosial müdafiə və aktiv məşğulluq proqramları dəfələrlə genişlənib.

Nazirliyin yaradılmasının 103 illiyi dövlət başçısının uğurlu sosial islahatlar proqramının nəticəsi olaraq vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm irəliləyişlərlə, əmək, məşğulluq, sosial təminat, əlillik və reabilitasiya sahələrində vətəndaş məmnunluğu prinsipinə uyğun müasir, innovativ yanaşmaların geniş tətbiqi nəticəsində əldə olunmuş nailiyyətlərlə qeyd edilir.