Yol polisindən paytaxtın bu ərazisi ilə bağlı piyada və sürücülərə MÜRACİƏT

Bakıda hər gün çoxsaylı yol-nəqliyyat hadisələrinin qeydə alındığı ərazilərdən biri də “Meyvəli” ticarət mərkəzinin qarşısıdır. Belə ki, bu ərazidə piyada keçidinin olmaması çoxsaylı qəzalara, piyadaların vurulmasına səbəb olur.
Redaksiyamıza yazan bir qrup şəxs həmin ərazidə piyada keçidinin olmamasından şikayət ediblər.
Mövzu ilə bağlı Redaktor.az-ın sualını Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov cavablandırıb. O bildirib ki, belə bir fakt aşkarlanarsa, təhlükəsizliyin təmin edilməsi istiqamətində dərhal aidiyyəti üzrə məlumat veriləcək:
“Təhlükəsizliyin təmin edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsi üçün addımlar atılacaq. Əgər vətəndaşlar belə bir məsələ qaldırıbsa, deməli bu nöqsan aşkar edilib aradan qaldırılmalıdır. O vaxta qədər vətəndaşlardan xahiş edirik ki, öz təhülkəsizliklərinin qayğısına qalsınlar. Yolu keçmək istəyən piyadalar yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısına qaçmamalı, sürücünü çaşdırmamalıdır. Sürücülər də məhz bu ərazidə sürəti minimuma endirməli və yolu keçən piyadalara qarşı diqqəti artırmalıdır”.
Şəbnəm Mehdizadə