Qadağan olunmuş partlayıcılar Azərbaycana necə keçirilir? - Rəsmi qurumlardan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakının Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində polis tərəfindən əməliyyat keçirilib. Əməliyyat zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin gizli şəkildə satışını təşkil edən paytaxt sakinləri Rakif Mirzəyev, oğlu Aqil Mirzəyev və Sahib Salahlı saxlanılıblar. Onların ticarət mərkəzində yerləşən obyektlərinə, avtomobillərinə, həmçinin anbar yeri kimi istifadə etdikləri saxlanc yerinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zaman ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda pirotexniki vasitələr aşkar edilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Rakif Mirzəyev, oğlu Aqil paytaxt ərazisinə bu maddələrin paylanılmasını və satışını təşkil edən əsas şəxslərdən biri olublar. Onlar ifadələrində partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı hər üç şəxs barəsində araşdırmalar aparılır. Dəstənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Həmin şəxslərdən aşkar olunan pirotexniki vasitələrin qara bazarda satış qiyməti 200 min manata yaxın olub.
Qeyd edək ki, bu, polisin pirotexniki vasitələrin satışına qarşı keçirdiyi ilk əməliyyat deyil.
Hamıya məlumdur ki, sözügedən vasitələr Çində istehsal olunur. Bəs belədə bu qadağan olunmuş vasitələr Azərbaycana necə keçirilir? Vətəndaş xarici ölkədən eyniadlı bir geyimdən, məsələn, 3 ədəd köynək gətidrikdə gömrük orqanlarında müxtəlif çətinliklərlə üzləşirsə, vergiyə cəlb olunursa, dəyəri yüz min manatlarla ölçülən partlayıcı vasitələri ölkəyə necə buraxırlar? Bu məsələdə gömrükçülərimiz, sərhədçilərimiz hansı məsuliyyəti daşıyırlar?
Ümumiyyətlə, bu istiqamətdə aidiyyatı qurumlar hansı tədbirlər görür?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını cavablandıran Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov bildirdi ki, gömrük orqanları mülki dövriyyəsi məhdudlaşdıran mallara, o cümlədən pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə qarşı qətiyyətli mübarizə aparır:
""Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565-IIQ nömrəli Qanununun 9-cu bəndinə əsasən pirotexniki məmulatlar mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib. Yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən fərdi istehlak məqsədilə gömrük sərhədindən keçirilərək ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub.
Həmin məhsulların gömrük sərhədindən keçirilməsinə gəlincə isə, bu yalnız qeyri-qanuni yollarla və ya qanunvericilikdə nəzərdə tutulan xüsusi icazə əsasında mümkündür.
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən pirotexniki məmulatların (partlayıcı qurğular, fişəng və sair) qanunsuz yollarla ölkəyə gətirilməsinin qarşısının alınmasına qarşı qətiyyətli mübarizə aparır. Həyata keçirilən hüquq-mühafizə fəaliyyətinin nəticəsində 2018-ci ildə 7 milyon 354 min 002 ədəd, 2019-cu ildə 2 milyin 230 min 777 ədəd, 2020-ci ildə 270 min 125 ədəd, 2021-ci ilin cari dövrü ərzində isə 274 min 033 ədəd pirotexniki məmulatlar aşkar edilərək saxlanılıb.
Aşkar edilən faktlar üzrə saxlanılan xeyli miqdarda pirotexniki vasitələr məhz, bir neçə gün bundan öncə media nümayəndələrinin iştirakı ilə yandırılaraq zərərsizləşdirilib.
Bundan başqa Dövlət Gömrük Komitəsi mütəmadi olaraq pirotexniki vasitələrin aşkar edilməsi, onların insan sağlamlığına qarşı zərəri, bu məhsulların dövriyyəsinin qadağan olunması ilə bağlı məlumatlar yayır. Qaçaqmalçılıq yolu ilə ölkənin gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən və gömrük orqanları tərəfində saxlanılan məhsulların sonradan qeyri-qanuni yolla sərbəst dövriyyəyə buraxılması barədə deyilənlər isə gömrük orqanlarına qarşı aparılan qaralama kampaniyasının tərkib hissədidir və əsla həqiqətə uyğun deyil".
Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzinin rəisi Maya Şərifova bildirdi ki, pirotexniki məhsulların ölkəyə gətirilməsinin qarşısının alınması üçün lazımi tədbirlər görülür: "Davamlı olaraq bu barədə ictimaiyyətə məlumat veririk. Bu ümumilikdə qaçaqmalçılıqla mübarizə fəaliyyətləridir. Qaçaqmalçılıqla mübarizə üçün lazımi bütün tədbirlər görülür".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitləri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirdi ki, insanların sağlamlığına zərər yetirən, əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının və istifadəsinin qarşısının alınması istiqamətində qabaqlayıcı-profilaktik tədbirlər davam etdirilir:
““Mülki Dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli Fərmanına əsasən pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırımış əşyaların siyahısına daxil edilib və onun dövriyyəsinə FHN tərəfindən verilən “xüsusi icazə” əsasında yol verilir. Pirotexniki məmulatların satışı aşkar olunarkən həmin vasitələr satışdan çıxarılır, satışı ilə məşğul şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta tərkibi haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana – məhkəmələrə göndərilir. Qeyd olunan maddənin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər üçün 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər üçün 1600 manatdan 2500 manata qədər, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə inzibati cərimə nəzərdə tutulur. Təhlükəsizlik standartlarına cavab verməyən bu vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqlarına görə ətrafa da ciddi ziyan vura bilərlər".
DİN rəsmisi pirotexniki vasitələrin Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirildiyini də qeyd etdi:
"Bu vasitələrin ölkəyə qaçaqmalçılıq yolu ilə daxil olması məlumdur. Hazırda bu istiqamətdə müvafiq dövlət qurumları ilə tədbirlər davam etdirilir”.
Şəbnəm Mehdizadə