Azərbaycanda şagirdlər 12 il, bakalavrlar 3 il, magistrlər 1 il oxuyacaqlar

 12:25 29.12.2021     748

“Azərbaycanda təhsil islahatlarının başlanmasından 15 ildən çox vaxt keçir. Bu gün də davam etməkdə olan islahatların əsas məqsədi ölkəmizin təhsilini dünya meridianına çıxarmağa, ən inkişaf etmiş ölkələrin təhsil ənənələri fonunda daha mükəmməlləşdirməyə nail olmaqdır. Bu gün dünya ölkələrində 10, 11, 12, 13, hətta 14 illik ümumi təhsil müəssisələri mövcuddur. Apardığım elmi araşdırmalarda mənə məlum olur ki, hazırda 12 illik sistemdən daha çox istifadə olunur”.
 

Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov "modern.az"a 12 illik təhsil sisteminə keçid haqqında fikirlərinə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, təhsildəki islahatlar nəticəsində bakalavriat pilləsinin 3 illik, magistrura pilləsinin isə 1 illik olması gözlənilir və bu, bütün ixtisaslara aid deyil:

“Hazırda Azərbaycanda 42 ümumi, xüsusi təyinatlı ilə birlikdə 51 ali təhsil müəssisəsi var. Bu sahədə 182 min tələbə təhsil alır. Onların böyük əksəriyyəti - 167 mini - bakalavr, yerdə qalan hissəsi isə magistratura pilləsində oxuyur.

Etiraf edək ki, ali təhsil müəssisələrinin məzunları əmək bazarının tələblərinə kifayət qədər cavab vermir. Müəssisə standartlarından uzaq kadr hazırlığı həyata keçirilir. Bunun əsas səbəbi ali təhsil müəssisələrinin idarə edilməsindəki boşluq, eyni zamanda ali təhsil müəssisələrinin texniki bazasının zəif olmasıdır.

Artıq Milli Məclisdə “Ali təhsil haqqında” qanun müzakirə edilir. Burada çox ciddi islahatlar gözlənilir. Qeyd edim ki, islahatlar fonunda istər sosial şəbəkələrdə, istərsə də mətbuatda yayılan bir çox xəbərlərdə ixtisasların bakalavriat pilləsinin 3 illik, magistratura pilləsinin isə 1 illik olması gözlənilir. Məsələ qanunda da öz əksini tapır. Amma bu, bütün ixtisaslara aid deyil. O ixtisaslar ki, özündə birbaşa elmi potensialı əks etdirmir və birbaşa istehsalatla bağlıdır, həmin ixtisaslar bakalavriat pilləsində 3 illik, magistrura pilləsində isə 1 illik olacaq”.

Ekspert bildirib ki, ölkədə tədris ilinin uzanmasının digər səbəbi də ixtisasdan kənar əlavə fənnlərin keçirilməsidir:

“Elmi tədqiqatı özündə əks etdirən digər sahələr isə əvvəlki qaydada, bakalavriat pilləsində 4 illik, magistrura pilləsində isə 2 illik olacaq. Turzim, elektronika mühəndisliyi və s. ixtisaslar uzun müddət elmi tədqiqatla məşğul olan sahə deyil. Eyni zamanda, bədən tərbiyəsi, təsviri incəsənət kimi bəzi qabiliyyət tələb edən ixtisaslar var ki, təhsil alanların 4 il oxumasına ehtiyac yoxdur. Digər tərəfdən, bizim ali təhsil müəssisələrimizdə tədris zaman kifayət qədər əlavə fənlər keçirilir. Məsələn, tarix fənni ixtisasında oxuyanlara riyaziyyat fənni keçirilir. Bu da tədris ilinin uzanmasına gətirib çıxarır.

Hesab edirəm ki, müddətin azaldılması deyiləndə qeyri-ixtisas fənlərinin tədrisinin dayandırılması nəzərdə tutulur.

İkinci vacib bir məqamı qeyd edim ki, bu müddətin azaldılması təhsil haqlarına da təsir edəcək. Bir daha vurğulayım ki, tədris müddətinin qısaldılması bütün ixtisaslara şamil edilməyəcək. Bu müddətin azaldılması, birinci növbədə, Azərbaycan təhsilinin dünya təhsilinə daha sürətli inteqrasiyasına imkan yaradacaq”.

K.Əsədov xarici ölkələrdəki təhsilə nəzər saldıqda, heç də bütün ixtisasların eyni tədris müddətinin olmadığını vurğulayıb:

“Xaricdə bakalavr təhsili ümumiyyətlə, bir çox ölkələrdə və proqramlarda 3-4 il çəkir. Avropada bu müddət 3 ildir. Bəzi mühəndislik şöbələri 4 il çəkə bilər. Bundan əlavə, memarlıq proqramları 5 il, stomatologiya və aptek şöbələri 5 il, tibb təhsili 6 il davam edə bilər. Amerika və Kanadada tibb təhsili fakültə dəyişikliyi səbəbindən 8 ilə qədər davam edə bilər. Dünyanın top 10 universitetindən 4-nün yerləşdiyi Birləşmiş Krallıqda bakalavr təhsili əsasən 3 il, master təhsili 1 ildir, tibb təhsili 4 il bakalavr və 7 il (maksimum) ixtisas təlimindən ibarətdir. Təhsil ili sentyabr - dekabr, yanvar - may aylarıdır. İki fərqli ixtisas üzrə təhsil almaq istəyənlərə bir çox universitetlər kombinasiya edilmiş ixtisaslar təklif edirlər (məsələn, fəlsəfə və ingilis ədəbiyyatı). Tələbənin istəyinə uyğun əyani (full-time) və ya qiyabi (part-time) təhsil alma imkanı vardır. Bakalavr dərəcəsini 1-2 ilə bitirmək istəyənlərə qısa kurslar da təklif olunur. İngilis dilini kifayət qədər bilmədikdə universitet təhsilindən öncə hazırlıq (foundation) təklif edilir. Bundan başqa, Azərbaycan vətəndaşının təqaüd proqramı əsasında təhsil almağa yollandığı Macarıstanda isə universitetlərdə lisenziya təhsili cəmi 3 illikdir. (Bu müddət bəzi mühəndislik şöbələrində 3, 5 il ola bilər.) Tələbənin əvvəlcə xarici dil üçün 1 illik hazırlıq təhsili alacağını nəzərə alsaq, bu müddət ən çox 4 il olacaq. Macarıstanda magistr təhsili isə 2 ildir. Macarıstanda tibb təhsili 6 illik, stomatologiya və əczaçılıq 5 illikdir.

Dünyanın nüfuzlu universitetlərinin yer aldığı Çinin ali təhsil sistemi ABŞ-ın və Böyük Britaniyanın ali təhsil sistemlərinin vəhdətindən ibarət olsa da, daha çox ABŞ təhsil sisteminə bənzəyir. Ölkədə ali təhsil pilləsi əsasən ödənişlidir. Ölkənin ali təhsil sistemində həm 3 illik, həm də 4 illik proqramlar tədris olunur.

Qonşu Türkiyədə isə ali təhsil müəssisələri bakalavr, magistratura və doktrantura üzrə tələbələrə ali təhsil verməkdədir. Bakalavr dərəcəsi üzrə təhsil müddəti 4 il (bəzi ixtisaslar 5–6 il), magistratura üzrə 2–3 ildir.

Şimal qonşumuz Rusiyada ali təhsil iki pilləyə bölünür: bakalavriat və magistratura. Ali təhsil proqramlarının normativ müddətlərinə gəlincə, bakalavr dərəcəsi almaq üçün təhsilin əyani forması üzrə bakalavriat proqramı - 4 il, mütəxəssis dərəcəsi almaq üçün əyani forma üzrə mütəxəssis hazırlığı proqramı - 5 ildən az olmamaqla, təhsilin əyani forması üzrə magistr dərəcəsi almaq üçün magistr  proqramı - 2 il, elmi pedaqoji kadrların aspiranturaya (adyunktura)  hazırlığı proqramı - 3   ildən artıq olmamaqla müəyyən edilib”.