Vətən müharibəsi veteranlarına Prezident təqaüdü veriləcək

 17:42 29.12.2021     2019

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə 2022-ci il yanvarın 1-dən etibarən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsini və ödənilməsini təmin edəcək.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi həmin şəxslərin siyahısını 2022-ci il yanvarın 1-dən etibarən müəyyən etməlidir.

Eyni zamanda Nazirlər Kabineti ilə razılaşdırmaqla, onlara “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsini, həmçinin bu barədə məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin etməlidirlər.

Qeyd edək ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 80 manat müəyyən olunub.