Deputatdan İTV-yə sərt sözlər: "Sizi tərifləyənlər də elə..."

 17:34 31.12.2021     784

Milli Məclisin deputatı Fazil Mustafa özünün feysbuk hesabında İctimai Televiziyanın rəhbərliyinə qarşı sərt fikirlər səsləndirib. 

Redaktor.az millət vəkilinin fikirlərini olduğu kimi təqdim edir:

"İki ay öncə Mədəniyyət komitəsinin iclasında İctimai yayım siyasətini sərt tənqid etdim. Bu onlayn toplantı idi və düşünürdüm ki, orada səsləndirilən tənqid və iradlar az-çox nəzərə alınacaq. Ancaq gözlənildiyi kimi qapalı formatda keçirilən və müzakirələrin mətni ictimaiyyətə açıqlanmayan iclasda səsləndirilən fikirlərə bu televiziyanın rəhbərliyi tərəfindən hər hansı bir reaksiya olmadı. Dünən də Milli Məclisin iclasında İTV-nin Yayım Şurasının bəzi üzvlərinin seçkisi zamanı əsasən bu Şuranın üzvlərinin öz səlahiyyətlərindən layiqincə istifadə etmədiyini, tam fəaliyyətsiz olduğunu və nəticədə İTV-nin öz yaradılış fəlsəfəsindən uzaqlaşdığını bildirdim. Ölkə siyasətinin gündəmini izləyənlər yaxşı bilir ki, mənim televiziyalarla bağlı hansısa təmənnam ola bilməz. Hansısa verilişə çağrılmaq barədə də kimsədən xahiş etmərəm və həftədə bir neçə verilişə də getməkdən vaxt azlığına görə imtina etdiyimi təkidlə dəvət edən dəyərli televiziya jurnalistləri yaxşı bilir. Öz fikirlərimi sosial şəbəkə üzərindən ən geniş formada bölüşməkdə də çətinlik çəkmirəm. Üstəlik də İTV də daxil bütün televiziyalara vaxtaşırı müsahibələr də verirəm. Son vaxtlar verilişlərinə də dəvət edirlər, məhz yayım siyasətindən narazılığıma görə imtina edirəm. Üstəlik də istər İTV-də, istər də başqa kanallarda olsun, burada çalışan jurnalistləri hədəf alan hansısa açıqlamalar da səsləndirmirəm və əksəriyyətinə hörmətimi ifadə edirəm. Hətta Milli Məclisdə çıxışımda da bu televiziyadakı bəyəndiyim faydalı verilişlərin bir neçəsinin adını xüsusi olaraq vurğuladım.

Soruşula bilər ki, niyə məhz İTV? Cavab sadədir. Ölkədə dövlət büdcəsindən maliyyələşən iki televiziya qurumu var: Az. Tv və İTV. Xatırlayırsınızsa, dəfələrlə Mili Məclisdə çıxışlarımda parlament fəaliyyətini normal işıqlandırmadığına görə Az.Tv.-ni də tənqid etmişəm. Hazırda “Parlament saatı” verilişi və iclaslardan başqa reportajlar gerçəkləşdirdiklərinə görə bu tənqidə həssas yanaşdıqlarını müşahidə edirəm. Bununla belə, vurğulamaq yerində olar ki, Az.Tv ilə İTV-nin funksiyaları xeyli fərqlidir. Az.Tv. daha çox dövlət siyasətinin işıqlandırılması funksiyasını yerinə yetirir, İTV isə daha çox diqqəti cəmiyyət həyatının bütün sahələrinə yönəltməlidir. Parlamentin fəaliyyətinin işıqlandırılması da birbaşa İTV-yə aid məsələdir və burada hələ də müsbət hansısa irəliləyiş sezilmir. Diqqət yetirin, Az.Tv-nin rəhbərliyi ölkə prezidenti tərəfindən təyin olunur və parlament qarşısında ancaq büdcədən maliyyələşmə prinsipinə görə hesabatlılığa malikdir. İTV isə Yayım Şurası tərəfindən idarə olunmalıdır, həmin Şura isə Milli Məclisdə təsdiq olunur, digər tərəfdən də bu televiziya dövlət büdcəsindən maliyyələşir və həmin büdcəni də Milli Məclis təsdiq edir. Demək ki, bu gerçəkliyi özbaşına fəaliyyətə vərdiş etmiş televiziyanın rəhbərliyinə xatırlatdıqda, özləri ilə bərabər bir qrup hazırlıqsız jurnalistləri də Milli Məclisin deputatlarına qarşı çirkin kampaniyaya yönəltməyə çalışırlar. Buradan anlaşılır ki, Milli Məclisin fəaliyyətinə, burada təmsil olunan partiyaların mövqelərinə hörmətsiz yanaşılması yalnız qanunla nəzərdə tutulan funksiyasını bilməməkdən deyil, həm də məqsədyönlü xarakter daşıyır.

Məhz bu səbəbdəndir ki, televiziyanın hörmətli baş direktoru öz işlərində olan nöqsanları düzəltmək əvəzinə bizə lağlağı ilə satiranın fərqini öyrətməyə çalışır. Tale elə gətirib ki, ədəbiyyatın bütün janrları ilə ən dərin qatlarına qədər bilgilər əldə etmişəm və bu janrlar arasında fərqləri də ayırd etmək elə bir çətinlik yaratmır. Anlatmaq istərdim ki, satira, fərqli ədəbi janrlarda ictimai həyatın mənfiliklərini qəzəblə ittiham edən, yaxud kəskin şəkildə lağa qoyan əsərlərdir. Lakin lağlağı ilə satiranı bir-birindən ayıran incə məqamı ən dəqiq formada böyük rus tənqidçisi Belinski təsbit edib. Ona görə; satira şən və hazırcavab adamların qərəzsiz hırıltısı deyil, cəmiyyətdəki biabırçılıqdan özünü təhqir edilmiş sayan adamların alovlu qəzəbidir.

“Onları yığdım bura, Çağırdım oxumağa, Bəlkə indi səslərini eşidəsiniz!”. Halbuki orada kollajı nümayiş etdirilən deputatlar dəfələrlə Milli Məclisin və beynəlxalq təşkilatların iclaslarında çıxış ediblər. Deputatın vaxtaşırı çıxış etməməsinə, fəal olmamasına əlbəttə irad bildirmək olar, ancaq “onları yığdım bura, oxumağa çağırdım” demək Belinskinin söylədiyi hırıltıya bənzəyir, yoxsa satiraya?

Bilindiyi kimi, İctimai televiziya və radio yayımı haqqında Qanun 2004-cü ildə qüvvəyə minib. İTV-nin Yayım Şurasının üzvləri qanunda nəzərdə tutulan QHT-lər tərəfindən irəli sürülür və Milli Məclisdə təsdiq olunur. Baş Direktor isə Yayım Şurası tərəfindən seçilir. Eyni zamanda yuxarıda da xatırlatdığım kimi, İTV dövlət büdcəsindən maliyyələşir. Demək ki, həm rəhbərliyi Milli Məclisdə seçilən qurum olaraq, həm də Dövlət Büdcəsindən maliyyəşən televiziya yayım quruluşu olaraq deputatların bu qurumun həm funksional, həm də maliyyə fəaliyyəti barədə müzakirə açmağa səlahiyyəti var. Üstəlik də çox sayda siyasi partiyaların yer aldığı Milli Məclis maraqlar toqquşması və ictimai-siyasi təmsilçilik prinspi üzrə formalaşan ali hakimiyyət orqanıdır. O halda bu televiziya indiyədək hansı bəhanələrlə aparılan müzakirələri ictimaiyyətə əhatəli və keyfiyyətli şəkildə çatdırmaqdan imtina edir? Milli Məclisdə təmsil olunan, yaxud da olunmayan hansı partiyaların debatını, diskussiyasını təşkil edir? Hansı fərqli dini icma təmsilçilərinin debatını ictimaiyyətə təqdim edib? Hüquqi maarifləndirmə istiqamətində hansı ciddi proqram siyasəti yürüdüb? Vəkillər Kollegiyasının üzvlərinin, müstəqil hüquqçuların hansı aktual mövzuda müzakirələrini təqdim edib? Azsaylı xalqların mədəni özəllikləri mövzusunu hansı formatda müzakirəyə çıxarır? Ölkənin elm adamlarının diskussiyaları ilə insanları tanış edirmi? Mütailəni təşviq etmək üçün keçirilən kitab sərgilərindən canlı yayınlar hazırlayırmı? Əlillərin idman təşkilatlarının tədbirlərindən hansısa reportaj verirmi?

Yayım Şurası hansı verilişlərin monitorinqini keçirib, səbəbini yazılı şəkildə açıqlamaqla proqramlarla bağlı qanununun tələblərinin pozulması barədə nə zamansa baş direktora xəbərarlıq edibmi? İctimai yayımçının büdcəsini və illik hesabatını təsdiq etməli olan Yayım Şurası haçansa bu mətbəxə daxil olmağı bacarıbmı? Şura ildə bir dəfə öz fəaliyyəti barədə ictimaiyyətə hesabat verməlidir, bu hesabatı indiyədək dinləyən olubmu? Hətta millət vəkillərinin sual və iradlarına cavab verməli olan Yayım Şurası bir tərəfdə qalıb, onların təyin etiyi baş direktor və ona yarınmaq istəyən jurnalistlər televiziya adından əsas səlahiyyət sahibi kimi irad bildirənlərə cavab verirlər. Məsuliyyətsizlik hətta o səviyyəyə çatıb ki, itv.az saytında Yayım Şurasının üzvləri haqqında bircə məlumata da rast gəlmirsən. İctimai yayım haqqında Qanun, İctimai Yayım konsepsiyası, İctimai Yayımın Əsasnaməsi də burada yerləşdirilməyib. Hanı bu sayta Yayım Şurasının qərarları barədə məlumatlar? Çünki nə qərar var, nə fəaliyyət! Sadəcə hər şey baş direktorun iradəsi ilə gerçəkləşdirilir və Yayım Şurası üzvləri də televiziyanın ştatdankənar əməkdaşları kimi mövcudurlar. Qanundan, hüquqdan başı çıxmayan bəziləri də ekstrasenslərə məxsus əda ilə bizim sifarişlə danışdığımızı bəyan edirlər. Ömründə bir dəfə səviyyəli ədəbi mətn yazmağa və danışmağa qabiliyyəti çatmayanlar bizə yazı və ya nitq mədəniyyəti öyrətməyə başlayanda bizim də hələ bundan sonra verəcəyimiz çoxlu suallar üzrə cavaba hazır olmalıdırlar.

Və nəhayət sonuncu məsələnin də aydınlığa qovuşmasına ehtiyac var: artıq 16 ildir fəaliyyət göstərən bu televiziya daha neçə il dövlət bücəsindən maliyyələşməlidir və niyə? Axı illər keçdikcə bu kimi quruluşlar publik hüquqi şəxsə çevrilirlər və büdcənin yükünü azaldırlar. İTV-nin özəl televiziyalardan nəyi artıqdır? Tez-tez hüquqdan başı çıxmayan bəzi jurnalistləri də sosial şəbəkəyə trol qiyafəsində doluşaraq rəy yaratmağa çalışırlar ki, bəs son illərdə televiziyada keyfiyyətcə çox dəyişikliklər baş verib. Əlbəttə, büdcədən hansı özəl televiziyaya bu qədər vəsait buraxılsaydı, daha yüksək standartlara cavab verən yayım quruluşu ortaya qoyardılar. Əgər həqiqətən də keyfiyyətinizə güvənirsinizsə, buyurun pul qazanın, özünüzü təmin edin və digər televiziyalarla rəqabət şərtlərinə tabe olun. Maraqlıdır ki, mövzu üzrə suallara cavab verməyə də çətinlik çəkirlər. Hələ də kiminsə onları tərifləməsini arqument olaraq gözümüzə soxurlar ki, bəs bizim yayınlarımızın keyfiyyəti xeyli artıb. Sizi tərifləyənlər də qanunu elə sizin anladığınız kimi tərsinə oxuyanlardır. Keyfiyyətiniz özünüzə aid məsələdir, yaxşı olacaqsa reytinq və pul qazanacaqsınız. Bizi maraqlandıran əsas məsələ budur: siz büdcədən maliyyələşən bir yayım quruluşu olaraq qanunda nəzərdə tutulan funksiyanıza əməl etməlisiniz!"