Qənirə Paşayeva şəhid anası ilə görüşdü

 10:17 01.01.2022     196

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və “Nəfəs” İB-nin sədri F. Balakişiyeva şəhid Nurlan Quliyevin anası Zülfiyyə Quliyeva ilə görüşüblər.

Millət vəkili düşmən üzərində tarixi qələbəmizlə sonuclanmış Vətən Müharibəsinin birinci ildönümünü, Zəfər Bayramımızı xalqımızın, dünya azərbaycanlılarının, Azərbaycan dostlarının və dünyadakı bütün məlumatlı tərəqqipərvər insanların fərəh və qürurla qeyd etdiyini deyib, ürək sözlərini bölüşüb: “Bu fərəh, qürur ilk növbədə siz şəhid analarının haqqıdır. Biz sizə çox minnətdarıq. Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik.  

Vətəncanlı oğlunuz ərazi bütövlüyümüzün bərpa edilməsi, torpaqlarımızın yağı düşməndən azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib, şəhadlik mərtəbəsinə yüksəlib.

Şəhidlərimizin qanı yerdə qalmayıb, yağı düşməndən ağır qisas alınıb. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə dalağalanan müqəddəs bayrağımız şəhid ruhlarını şad edir!

Əziz şəhid anası, Sizi yeni təqvim ilinin başlaması münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

Şəhid anası oğlunun həyat və döyüş yolundan danışıb.

Komitə sədri şəhid anasına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Nurlan Şükür oğlu Quliyev (04.12.1995, Qaraxanlı, Ağcabədi - 01.11.2020, Şuşa rayonu) 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədi ilə başlanan Vətən Müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub, Ağcabədi rayonunda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Nurlan Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. O, həmçinin, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Ruhu şad olsun!