Komitə sədri şəhid ailəsi ilə görüşüb

 11:34 03.01.2022     554

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və “Nəfəs” İB-nin sədri F.Balakişiyeva I Qarabağ müharibəsində tək qardaşı Müzəffər İmanov, II Qarabağ müharibəsində tək övladı Emil Əmirov şəhid olmuş Mingəçevir şəhər sakini Xanımnaz İmanova ilə görüşüblər.

Komitə sədri düşmən üzərində tarixi qələbə ilə nəticələnmiş Vətən müharibəsinin birinci ildönümünü, Zəfər Bayramını xalqımızın, bütün dünya azərbaycanlılarının, Azərbaycan dostlarının və dünyadakı bütün tərəqqipərvər insanların sevinclə, qürurla qeyd etdiyini deyib, ürək sözlərini bölüşüb: “Bu fərəh, bu qürur ilk növbədə siz şəhid ailələrinin haqqıdır. Biz sizə çox minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik.  
Vətəncanlı qardaşınız və oğlunuz ərazi bütövlüyümüzün bərpa edilməsi, torpaqlarımızın yağı tapdağından azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib, şəhidliklik zirvəsinə ucalıb. Ruhları şad olsun! 
Şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır qisas alınıb.
Şəhid oğlunuz Azərbaycan Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Əziz şəhid anası, şəhid bacısı, Sizi yeni təqvim ilinin başlaması münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

Şəhid anası oğlunun və qardaşının həyat və döyüş yolundan danışıb.

Komitə sədri şəhid anasına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuş, Vətən müharibəsinin şəhidi Emil Zaman oğlu Əmirov (09.12.2000, Mingəçevir — 14.10.2020, Tərtər) 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladığı Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Vumart və Güvən reklamı Vumart Güvən