Deputat unun bahalaşmasına ETİRAZ ETDİ

 13:42 04.01.2022     4695

Ötən gündən bəzi mağazalarda unun və çörəyin qiymətində artım müşahidə olunur. Bununla bağlı artıq sosial şəbəkələrdə paylaşımlar edilir. 

Bəs görəsən, bu artıma səbəb nədir? Hökumət bahalaşmanın qarşısını hansı formada almalıdır?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirdi ki, qiymət artımı ciddi problemdir.

"Hazırda unun qiyməti 9-10 manat qalxıb. Bu, ciddi artımdır. Hökumət həmişə çörəyin, un  məmulatlarının qiyməti qalxmasın deyə, dövlət büdcəsindən dotasiya verib. Çörəyin, unun qiyməti aşağı səviyyədə saxlanılıb. Unun qiymətini birdən-birə bu qədər artırmaq olmaz. Bu qiymət artımı tək çörəklə bağlı deyil. Un məmulatları var ki, onlardan kifayət qədər istifadə olunur. Belə artım gözlənilən deyildi. Belə artımlar varsa, hökumət unun qiymətini stabil saxlamaq üçün dövlət büdcəsindən dotasiya ayırmalıdır. Ehtiyat kifayət qədərdir. Biz insanların əmək haqqını, pensiyasını və müavinətini 20-40 manat artırmışıqsa, belə qiymət artımı problemlər yarada bilər. Bunun qarşısını almaq lazımdır. 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı qiymət artımı ilə bağlı Baş nazirə müraciət etdik ki, qiymət məsələsi ilə ciddi məşğul olmaq lazımdır. Qeyd olundu ki, bununla bağlı müəyyən tədbirlər həyata keçirilir. İndi unun qiymətinin bu qədər artması, qəbul edilən deyil. Ola bilər ki, əhalinin sosial vəziyyətində problemlər yaratsın" - deyən millət vəkili unun qiymətinə dotasiya verilməsini və əvvəlki qiymətində saxlanılmasını təklif etdi.

Bayramqabağı bütün məhsullarda süni qiymət artımı olduğunu qeyd edən Vahid Əhmədov hesab edir ki, hökumət subyektiv qiymət artımının qarşısını almalı, tədbirlər görməlidir:

"Xaricdən taxıl və digər məhsullar ixrac edirik. Başa düşürəm ki, xaricdə də taxılın və digər məhsulların qiyməti artıb. Çalışmaq lazımdır ki, öz ölkəndə istehsal edəsən və ya ehtiyatın olsun ki, bazarı müəyyən qədər tənzimləyə biləsən. Hökumət bunun üçün çalışmalıdır".

T.İSMAYIL