Özünü FHN komandiri kimi tanıdıb Türkiyədə mükafat aldı - Yalanı üzə çıxdı/VİDEO

 13:34 05.01.2022     773

Azərbaycanlı Rasim Əhməd adlı bir şəxs özünü Fövqəladə Hallar Nazirliyinin komandiri kimi qələmə verərək Türkiyənin Marmaris bələdiyyəsinin rəhbəri Mehmet Oktay ilə görüşüb. 

Redaktor.az xəbər verir ki, bu barədə “Marmaris Life” jurnalında məlumat yayılıb.

Həmin şəxs 2021-ci ilin iyulunda Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN əməkdaşı olaraq şücaət göstərdiyinə görə bələdiyyə sədri tərəfindən təltif edilib. Lakin görüş barədə Türkiyə mediasında xəbər yayıldıqdan sonra FHN-də Rasim Əhməd adlı şəxsin işləmədiyi məlum olub.

Məlumata görə, Rasim Əhmədin saxtakarlığının üstü iyul ayında türkiyəli yanğınsöndürənlərə kömək məqsədilə Türkiyəyə göndərilən azərbaycanlı yanğınsöndürənlərlə birgə çalışan S.Ş. adlı bir şəxsin diqqətcilliyi sayəsində açılıb. Həmin şəxs jurnalın Mətbuat xidməti əlaqə saxlayaraq belə bir komandirin Marmarisə gəlmədiyini bildirib. O qeyd edib ki, həmin şəxsin geyimi, rütbəsi və geyimin ad hissəsində də səhvlər var.

Türkiyə tərəfindən aparılan araşdırma zamanı quqlda da Rasim Əhməd barəsində məlumata rast gəlinməyib. Bununla yanaşı, yanğın zamanı Muğlada və Marmarisdə qalan əgərlər sırasında həmin şəxsin adına rast gəlinməyib və onun PCR testi vermədiyi də aydın olub.

Bunun ardınca, Marmaris bələdiyyəsi Azərbaycanın səlahiyyətli şəxsləri ilə rəsmi və qeyri-rəsmi yazışmalar aparıb. Azərbaycan tərəfi belə bir şəxsin FHN-də və bu nazirliklə əlaqəli çalışan yanğınsöndürənlər sırasında olmadığını bildirib. Qeyd olunub ki, Azərbaycandan Türkiyəyə belə bir əsgər göndərilməyib.

Hazırda Rasim Əhməd adlı bu şəxsi Marmaris bələdiyyəsinə kimin dəvət etdiyi, ona bu geyimi kimin verdiyi və sözügedən təltifolunma mərasimini hansı qurumun təşkil etdiyi barədə suallar cavabsız qalıb.