Sabiq deputatın ağacları kəsdirməsi ilə bağlı araşdırmalara başlanıldı

 13:01 07.01.2022     1167

Milli Məclisin sabiq deputatı, "Ştutqart" şirkətinin sahibi Nəriman Əliyevin Bakıda ağacları kəsdirməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılır: "Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Xatırladaq ki, N.Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub. Bir neçə gün əvvəl mətbuatda onun Bakıda 37 ağacı kəsdirməsi, işdən çıxan əməkdaşların isə maaşlarını verməməsi ilə bağlı məlumatlar yayılıb.