Lənkəranda avtomobil qəzası, 1300 abonent işıqsız qaldı - FOTO

 11:31 09.01.2022     159

Avtomobil qəzası nəticəsində bir kəndin enerji təchizatı kəsilib.

Redaktor.az xəbər verir ki, qəza gecə saatlarında Lənkəran – Boradigah yolunun Lənkəranın Vilvan kəndindən keçən hissəsində baş verib.

Masallının Boradigah qəsəbə sakini, 1989-cu il təvəllüdlü Etibar İsmayıl oğlu Məmmədovun idarə etdiyi 99-OK-662 dövlət qeydiyyat nişanlı “KIA” markalı minik avtomobili çiskinli hava şəraitində idarəetmədən çıxıb və yol kənarındakı beton işıq dirəyinə çırpılıb.

Zərbənin təsirindən dirək yıxılıb və Lənkəranın Vilvan kəndində yaşayan 1300 abonent işıqsız qalıb.

Qəza nəticəsində avtomobildə olan 1982-ci il təvəllüdlü sərnişin, Boradigah qəsəbə sakini Nurlan Rəhman oğlu Ağaverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır (apa).