"Qazaxıstanı qorumaq üçün gecikdik, barı Özbəkistanı tək qoymayaq" - Özbək jurnalistdən çağırış

 11:39 11.01.2022     5453

Ötən gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri rəhbərlərinin videokonfrans formatında keçirilən sammitdə Qazaxıstandakı son hadisələri müzakirə edilib. Belarus Prezidenti Aleksandr Lukaşenko çıxışı zamanı deyib ki, “Qazaxıstanda baş verən hadisələrdən ilk növbədə Özbəkistan dərs çıxarmalıdır”. Lukaşenko fikrini bununla əsaslandırıb ki, “Qazaxıstanda baş verən etirazların əsas dayağı peşəkar terrorçulardır. Bizi gələcəkdə ciddi çağırışlar gözləyir, KTMT-ni gücləndirməliyik”. 

Beləliklə, son dövrlər Kremlin sözçüsü funksiyasını icra edən Lukaşenko açıq şəkildə Özbəkistanı təhdid edib.

Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı "ednews.net"ə açıqlama verən məşhur özbək jurnalist Şöhrət Barlas baş verənlərdən narahatlığını ifadə edib.

“Özbəkistan açıq şəkildə müxtəlif dairələrdən təhdid edilir. Biz özbəkləri hazırda narahat edən əsas məsələ Türk dünyasının bu təhdidlərə qarşı səssiz qalmasıdır. Özbəklər Türkiyənin terrorla mübarizəsi və xarici siyasətini, Azərbaycanın Qarabağdakı haqlı müharibəsini və Türk Dövlətlər Təşkilatının (TDT) fəaliyyətini daim dəstəkləyib. Lakin çox təəssüflər olsun ki, TDT üzvləri nə Qazaxıstandakı hadisələrə, nə də Özbəkistana qarşı təhdidlərə qarşı konkret və real bir mövqe sərgiləməyib. Bu gün biz öz yağımızda qovruluruq. Qazaxıstandakı hadisələri gördünüz, indi bənzər hadisələr Özbəkistanda da təkrarlana bilər. Özbəklər də qazaxlar kimi qırğına, xarici müdaxiləyə məruz qala bilər. Dilimiz, dinimiz, soyumuz bir türk, azərbaycanlı qardaşlarımızın vasitəsilə bütün türk dünyasına, TDT-yə, türk xalqlarına səslənirəm. Qazaxıstanı qorumaq üçün gecikdik, barı Özbəkistanı tək qoymayaq. Müstəqil Özbəkistan olmadan, Buxarasız, Səmərqəndsiz bir türk dünyası təsəvvür edilə bilməz...”, - deyə Ş.Barlas bildirib.