Prokuror jurnalistə 4 il həbs cəzası istədi

 13:34 14.01.2022     1410

Prokuror hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərova (Xəttab) 4 il azadlıqdan məhrum edilməsini istəyib.

Redaktor.az xəbər verir ki, dövlət ittihamçısı bunu Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan edib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt tələb edib.

Növbəti proses yanvarın 18-də davam etdiriləcək.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında M.Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib (report).