“Azəriqaz”ın 125 əməkdaşı cəzalandırıldı

"2021-ci ildə “Azəriqaz” İstehsalat Birliyinin qaz itkiləri 7,4 % təşkil edib".
Redaktor.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası zamanı QHT və media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
Qurum rəhbəri deyib ki, ötən ili “Azəriqaz” 44 milyon kubmetr qaz itkisi ilə başa vurub. 2022-ci ildə İstehsalat Birliyinin qaz itkiləri hədəfi 6,5 % təşkil edir: “2022-ci ildə 110 yaşayış massivinin qazlaşdırılması gözlənilir. 68 rayon üzrə 60 məntəqənin bu il, 8 məntəqənin isə 2023-də qazlaşdırılması planlaşdırılır. 47 massivin 46-nın bu il, 1-nin isə 2023-cü ilin əvvəlində qazlaşdırılması planlaşdırılır”.
Ruslan Əliyev həmçinin əlavə etdi ki, ötən il “Azəriqaz”a əməkdaşlarla bağlı daxil olan abonent şikayətləri əsasında müəyyən araşdırmalar aparılıb. Məlum olub ki, bəzi işçilər abonentlərə qarşı qeyri-etik davranış nümayiş etdiriblər: “2021-də 990 nəfərə töhmət verilib. 125 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. 220 nəfərin əməkhaqqının 4-1 tutulub. 14 nəfər isə işdən azad edilib”.
Xatırladaq ki, “Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası hər həftənin cümə günü qurumun inzibati binasında keçirilir.