"Avara ol, rüşvətxor ol, amma çevrənin adamı kimi təqdim olun..." - Fazil Mustafa

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Prezident İlham Əliyev yerli telekanallara geniş müsahibə verib. Müsahibədə Prezident kadr islahatları ilə bağlı söz açıb. Dövlət başçısı bəzən yeni kadrların özünü doğrultmadığını söyləyib. "Artıq 18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır", - deyə İlham Əliyev bildirib.
Qeyd edək ki, ötən növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisin sədarətində və komitələrdə müxalifət partiyalarının nümayəndələri təmsil olunmağa başladı. Bəs bu presedent dövlət qurumlarında da baş tuta bilərmi? Yəni cəmiyyətdə müsbət mənada tanınan müstəqil şəxslərin, müxalifət nümayəndələrinin, bir sözlə layiqli şəxslərin istər mərkəzi, istərsə də yerli hakimiyyət orqanlarında vəzifə tutması mümkündürmü?
Mövzu ilə bağlı Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Redaktor.az-ın suallarını cavablandırıb.
- Ölkəmizdə siyasi partiyalarda kifayət qədər tanınmış və müxtəlif sahələr üzrə təcrübəli, bacarıqlı insanlar var. Həmin şəxslər, partiya üzvləri niyə rəhbər vəzifələrə təqdim olunmurlar?
- Müxtəlif sahələrdə bu siyasəti həyata keçirmək Prezidentin səlahiyyətinə aid olan məsələdir. Bizim cəmiyyətdə də açılım yoxdur ki, kimin qabiliyyətinin nə olduğu görünsün. Buna görə də Prezidentə hansısa mənbə, yaxud mühitdən adam seçməyin özü də çətin prosedurdur. Çünki daha çox yaxın çevrədə olan insanlar və hansısa sahəyə təyin olunmuş şəxslər təqdimat verirlər və təqdimatı da elə şəkildə verirlər ki, sanki bu sahəni bundan başqa götürə biləcək ikinci bir adam yoxdur. Sonradan təyin olunanda nə qədər problemlərin üzə çıxdığı görünür. Bu barədə bizim danışmağımızdan çox, o mühitin yaranmasına ehtiyac var ki, həqiqətən də layiqli kadrlar cəmiyyət içərisindən seçilsinlər. Bir çox nazirliklərdə uzun müddət müavin işləmiş, bütün nazirliyin işini aparan adamlar arxa plandadırlar. Onların yerinə nazir vəzifəsinə heç o sahəni bilməyən, anlayışı olmayan, cəmiyyətdə tanımayan adamlar təyin olunur. Amma müavinlər yenə həmin yerdə qalırlar. Bu insan 10-15 il təcrübə toplayıbsa, bunu niyə təyin etmirlər? İcra hakimiyyətlərində də vəziyyət eynidir. Burada da “havadan zənbillə” adam gətirib təyin edirlər. Amma müavini, yaxud şöbə müdiri uzun müddətdir işləyir və heç bir perspektiv yoxdur. Əslində Azərbaycanda ən böyük problem kadrların gələcəklə bağlı yaxşı işləməyə görə perspektivin olmamasıdır. Yəni, yaxşı işləmək önəmli deyil. Kiminsə çevrəsində olub onun tərəfindən təqdim olunmaq önəmlidir. Pis ol, avara ol, rüşvətxor ol, nə olursan ol, amma çevrənin adamı kimi təqdim olunmaq önəmlidir. Bu da ona gətirib çıxarır ki, yaxşı kadrlar arxa planda ümidsiz, həvəssiz şəkildə başlarını aşağı salıb vaxtı öldürürlər. Halbuki bunların potensialından istifadə etmək olardı. Ona görə də konkret olaraq partiyalardan götürülməsi vacib deyil. Yeni Azərbaycan Partiyasında illərlə qərargahda işləyən, təcrübəli, kifayət qədər sanballı adamlar tanıyıram. Hamısı 15, 20 ildir orada işləyir. Haradansa "göydən zənbillə" kimisə gətirmək yerinə Yeni Azərbaycan Partiyasının arsenalından istifadə edilsə, kifayət qədər kadrlar var. Söhbət hakimiyyət partiyasından gedir də. Ona görə də bu kimi məsələlərdə mənim ciddi şəkildə nəyinsə dəyişəcəyinə ümidim yoxdur. Çünki gedən proseslər onu göstərir ki, bu üslub dəyişməlidir. Üslub dəyişəndə, cəmiyyətin içindən qabiliyyətli adamları seçmək mümkündür. Amma indi cəmiyyətin içi görünmür, bulud tutub üstünü. Bulud tutubsa, buluddan yuxarı kim varsa, onlar müəyyn edir ki, hansı kadrı hara yerləşdirək. Söhbət özü də yerləşdirməkdən gedir. O sahəyə aidiyyətı var, ya yoxdur, sahəni bilir, ya bilmir kimi məsələlərə baxılmır. Sadəcə bu adamı guya sədaqətli olması adı ilə yerləşdirirlər. Heç biri də, öz sahəsində belə dövləti qorumaq fikrində deyil. Dövləti qorumayacaqsansa, dövlətin məsuliyyətini götürməyəcəksənsə, bu vəzifənin nə olduğunu anlamayacaqsansa, onda sonu nə olacaq? Ona görə də bu məsələlər ciddi araşdırılmalıdır.
Bölgələrdə idarəetmə sisteminə yetərli maliyyə vəsaiti ayrılır, lakin rayonlarda vəziyyət ürək açan deyil. İcra başçısı Prezidenti təmsil edir və icra başçısı televizorda yoxdur. Bəs bir bölgənin, rayonun yüz dənə problemi var, icra başçısı niyə televizorda olmasın? Prezidenti təmsil edirsə, Prezident özü medianın qarşısına çıxırsa, icra başçısı da çıxsın, rayonun problemlərini müzakirə etsin, bələdiyyənin fəaliyyətini dirçəltsin, canlandırsın. Bələdiyyə təkcə evlərdən, torpaqlardan pul yığmaq demək deyil ki. Bütün qurumlar məhv edilib və hər yanda ancaq qadağalardır. Bütün tikinti sektoru dayandı, minlərlə insan işsiz qaldı, pensiya sahəsində 180 min adamın pensiyası ləğv olundu, minlərlə adam ac çöllərdə qalır. Bu da hamısı etirazçı cəmiyyətin yetişməsinə səbəb olur. Hakimiyyət öz əli ilə öz komandasının bilavasitə səyləri ilə özünə etirazçı, üsyankar təbəqə yetişdirir. Ona görə də bu məsələlərdə yeniləşmə adı ilə kadrlar seçildi, amma kənd təsərrüfatından başı çıxmayan adam kənd təsərrüfatı rayonuna icra başçısı təyin olunur. Rayona icra başçısı təyin olunub, amma rayonun mərkəzi zibilliyin içində batıb gedir. O adamın vecinə deyil, çünki o beş-on nəfər dostu ilə həftəsonu istirahət etməyə, "piknik" təşkil etməyə öyrəşib. Budur problemin kökü.
- Siyasi partiya olaraq öz kadrlarınızı hökumətdə hər hansı vəzifəyə təklif etmisizmi?
- Belə bir fikrim yoxdur. Bizim hansısa səhədə sözümüzü eşidən var ki, nəyisə təklif edək? Biz Milli Məclisdə yüzlərlə təklif veririk, məsələləri səsləndiririk. Deyirik ki, sahibkarların vəziyyəti acınacaqlıdır, iş yerləri bağlanır. Yaxud deyirik ki, bələdiyyənin bu cür mövcud olması ölkəyə ziyandır. Bunları eşidən var ki? Ona görə hara kadr təklif edək? İctimai müzakirə mühiti olmalıdır, sadəcə təyinatdan söhbət getmir ki. Yeni Azərbaycan Partiyasından kifayət qədər kadr tanıyıram ki, layiqli kadrlardır. Amma hamısı 20-30 ildir eyni yerdə qalıblar və çürüyürlər. Bu şəxslər kənarda qalıb və zənbillə adamlar gətirildikdə belə hallar olur.
- Vəzifəyə təyin olunan kadrlarda vəzifədən sui-istifadə, etimadsızlığın səbəbi nədir? Bu arxayınlıq haradan qaynaqlanır?
- Bu arxayınlıq idarəetmə ilə bağlı olan problemdir. İdarəetmə üslubu dəyişməlidir. İdarəetmə üslubu dəyişməsə bu problem qalacaq. Yəni bu, dəyişməlidir ki, aşağıdan qidalandırıcı mexanizm, təşəbbüskarlıq işləsin. Heç nəyin təşəbbüskarlığını göstərmək mümkün deyil. Biz də buna görə narahatıq ki, bu kimi məsələlərdən sonra problem olur. Məsələn, əgər orduya normal komandir seçmirsənsə, sabah qırılan əsgərdir, Azərbaycan övladıdır. Yaxud rayona normal icra başçısı seçmiriksə, bu, rayonun böyük bir faciəsidir. Bu zaman böyük iş həyatı ölür, insanların taleyi məhv olur. Hər bir şey bir-birilə əlaqəlidir. Ona görə də altda nəsə düzgün qurulmayanda, alov riski həmişə var. Nəzərə alınmalıdır ki, bu qədər böyük uğur qazanmışıq, ölkə Prezidenti bu qədər böyük bir məsələni - Azərbaycanın tarixi məsləsini həll edib, Qarabağı azad edib. Qarabağ mövzusundan bütün cəmiyyət uzaq qalıb. Cəmiyyətdə bir təşəbbüs yoxdur ki, sən harada, hansı kənddə necə yerləşəcəksən. Bunu gedin bir soruşun ki, sabah bura gedən nə qədər insan var, nə qədər insan gedəcək. Buna görə də bizi böyük çətinliklər gözləyir.
- Kadrların etimadı doğrultması üçün hansı tədbir görülməlidir? Vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının qarşısı necə alınmalıdır?
- Bu məsələdə kimisə yeni kadr kimi gətirmək yerinə, sadəcə elə bir mexanizm qurmaq lazımdır ki, bir məsləhətləşmə modeli olsun. Təkliflər alınsın, Milli Məclisdə səsləndirilən fikirlər nəzərə alınsın. Bunlar olmasa, elə bu variantda da gedəcək və heç bir sahədə də ümumi islahatlar olmayacaq. O boyda amnistiya keçirildi, amma təbliğatı olmadı. Bilinmədi kimi buraxdılar, kimi saxladılar. Bunu təbliğ etmək lazım idi. Söhbət təkcə bu sahədən getmir. İndi Qarabağın iqtisadi problemləri ilə bağlı məcburi köçkünlərin öndə gedən insanları ilə müzakirələr aparmalıyıq. Amma edə bilmirik, çünki müzakirə yoxdur. Biz bunları dilə gətiririk, amma sözü eşidən bir mühit yoxdur, yəni sözümüzün eşidildiyi mühit yoxdur. Vicdan borcu olaraq bunları deyirik, ancaq gedişat bu formadadır. Prezident də bundan gileylənir. Mən həmişə deyirəm, bir kadr tutulursa, baxın görün onun təqdimatını kim verib? Bir kadr rüşvətdə ittiham olunursa deməli Prezidenti aldadıblar. Kim aldadıb onu, araşdırmaq lazımdır və bu hansı mexanizmdir ki, Prezidentə yalan, keyfiyyətsiz qabiliyyətsiz adamları təqdim edirlər. Bunu həll etməliyik. Cəmiyyətdə bu məsuliyyəti yaratmalıyıq ki, hər bir yerə uyğun adam gəlsin. İndiki vəziyyətdə idman sahəsi tamamilə batıb. Çünki bilən adamlar kənarda qalıb. Turizm bərbad vəziyyətdədir. Çünki burada da bilən adamlar kənarda və bilməyənlər işin başındadır. Eynilə yolların vəziyyəti də belədir. Quba yoluna nə qədər sərvət ayrıldı, amma nəticədə yol bərbad gündədir. Bir çox sahələrdə acınacaqlı durumdur və bunu düşünmək lazımdır. Gedişat xoşagələn deyil.
Nuranə Tofiqli