Bu rayonlarda torpaqlar yararsız hala düşüb - Komitə sədri: "Tez bir zamanda qarşısı alınmalıdır"

 11:11 24.01.2022     15804

Azərbaycanda son illər ərzində ciddi problemlərdən biri də torpaqların şoranlaşması ilə bağldır. Şoranlaşma nəticəsində əkinə yararlı torpaqlar azalır ki, bu da narahatlıq doğurur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də torpaqların şoranlaşması ilə bağlı məsələni bir neçə dəfə gündəmə gətirib. Dövlət başçısı sonuncu açıqlamasında da şoranlaşma səbəbindən məhsuldarlığın aşağı düşməsindən narahatlığını ifadə edib.

Bəs görəsən bu problemin həlli üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev cavablandırıb. O bildirib ki, şoranlaşma ilə bağlı tədbirlər çoxdur. Lakin görülən işlər bizə kifayət etmir:

“Çünki bir çox torpaqlarda şoranlaşma ilə bağlı olaraq torpaqların məhsuldarlığı xeyli aşağı düşüb. Prezident haqlı olaraq bu barədə xəbərdarlıq etdi və tədbirlərin sürətləndirilməyini tələb etdi. Su təsərrüfatının yaxşılaşdırılması bu sahədə çox vacibdir. Suvarmanın düzgün getməməsi bəzi yerlərdə şoranlaşmaya, torpaqların yararsız hala düşməsinə səbəb olur. Çünki ölkədə əkin suyuna olan tələbat çox böyükdür. Bu, xüsusən özünü yay aylarında göstərir. Digər tərəfdən torpaqların meliorativ cəhətdən yuyulmaması problemi var. Kollektor şəbəkələri təmizlənmir. Uzun illərdir bu şəbəkələr təmizlənmir və orada suyun şoranlaşmasının qarşısı alınması mümkün olmur. Sovet dövründə bir neçə ildən bir o suvarma kanalları təmizlənirdi. Suvarma zamanı orta kanallar çəkilirdi və bu orta kanalların çəkilməsi şoranlaşmanın qarşısını bilavasitə alırdı. Lakin bu külli miqdarda vəsait tələb edirdi. Bu gün həmin tədbirlərin təkmil və intensiv həyata keçirilməməsi sözügedən problemin yaranmasına səbəb olur. Şoranlaşma isə torpağın öldürülməsi deməkdir. Bu problem özünü Kürdəmir, Ucar, Zərdab kimi Aran rayonlarında daha çox göstərir”.

Deputat bildirib ki, şoranlaşmanın qarşısının alınması üçün əsaslı tədbirlərə ehtiyac var:

“Prezident də bildirdi ki, bu problemi aradan qaldırmadan məhsuldarlığı artıra bilmərik. O, ərzaq təhülkəsizliyin təmin olunmasına məsələsinə də toxunaraq qeyd etdi ki, əgər taxılın məhsuldarlığını heç olmasa bir dəfə artırsaq tələbatı azalda bilərik. Ölkədə 3 milyon tondan çox taxıl istehsal edilir. Bu gün biz buğdaya olan tələbatı ödəyə bilmirik. Bu da bilavasitə torpaqların yararlı hala salınmasından asılıdır. Bizim əkin sahələrimiz onsuz da çox deyil. Bunun müqabilində ildən-ilə şoranlaşıb yararsız hala düşən torpaqlarımızın hektarı artır. Ona görə də tez bir zamanda bunun qarşısı alınmalıdır. Bu problemlə bağlı tədbirlər proqramı var və proqram çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir. Lakin bu tədbirlər günün reallığı səviyyəsində deyil. Ona görə də əsaslı tədbirlərə ehtiyac var. Ölkə rəhbəri su təsərrüfatının yaxşılaşdırılması ilə bağlı son illər bir çox sərəncam imzalayıb. Yeni kanalların çəkilməsi və yeni su anbarlarının tikilməsi, subartezian quyularının sayının artırılması bu qəbildəndir. Lakin bu elə bir sahədir ki, sistemli və planlı şəkildə aparılmalıdır”.

Şəbnəm Mehdizadə