20 Yanvar xalqımızın qəhrəmanlıq nümayiş etdirdiyi şərəfli bir gündür
1990-cı il 20 Yanvar faciəsi dağılmaqda olan sovet imperiyası tərəfindən xalqımızın azdalıq mübarizəsinə qarşı yönəldilmiş bir qəsd idi. O vaxt Bakıya yeridilmiş xüsusi hərbi hissələr hərbi texnikadan istifadə edərək dinc, əliyalın insanlara qarşı görünməmiş vəhşiliklər törətmiş, nəticədə yüzlərlə insan, o cümlədən qocalar, qadınlar, uşaqlar hətta xidməti vəzifələrini yerinə yetirən tibb işçiləri belə qətlə yetirilmiş, yaralanmışdır.
1990-cı il 20 Yanvar günü Azərbaycan tarixində təkcə faciə kimi deyil, eyni zamanda xalqımızın istiqlal yolunun, müstəqillik arzularının zirvəsi, milli məfkurəmizdə azadlıq istəyinin oyanış günü kimi daima yaşayacaqdır. 20 Yanvar həm də uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz ərazi bütövlüyü, suverenliyi uğurunda qəhrəmanlıq, mərdlik nümayiş etdirdiyi şərəfli bir gündür. Bu, həm də dostun düşməndən seçildiyi, imtahana çəkildiyi bir gün idi.
Televiziyanın enerji blokunun partladılaraq ölkəmizin informasiya blokadasında saxlanıldığı bir vaxtda xaqımızın qəhrəman oğlu, Ümummilli liderimiz Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinə gələrək heç bir təhlükədən çəkinmədən bəyanatla çıxış edərək hadisələrə hüquqi-siyasi qiymət verilməsini tələb etməsi böyük cəsarət tələb edirdi. Bu həm də Ulu Öndərin öz millətinə, öz xalqına böyük məhəbbətinin nəticəsi idi.
İndi qanlı faciədən otuz iki il ötsə də xalqımız tariximizə qanla yazılmış o dəhşətli və həm də şərəfli günləri unutmayacaq.
Atakişi Əliyev,
Ağsu rayon qeydiyyat şöbəsinin rəisi












