"Qətiyyətli elm adamı belə olur" - Deputatdan Kərim Şükürova DƏSTƏK

 17:17 20.01.2022     714

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov akademiyanın prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. 

Redaktor.az-ın məlumatına görə, K.Şükürovun mətbuata açıqlamasında bildirib ki, 20 yanvar Ümumxalq Hüzn Günü ərəfəsində AMEA–nın prezidenti akademik Ramiz Mehdiyevin ştat cədvəli üzrə 250-dən çox elmi və texniki personalı olan Tarix İnstitutu, o cümlədən baş direktor kimi mənim haqqımda söylədiyi hüquqi baxımdan ziddiyyətli və həqiqəti əks etdirməyən fikirlərindən çox böyük təəssüf hissi keçirir.

"Ramiz Mehdiyev instituta rəhbərlik etdiyim bir ildən az müddət ərzində bir dəfə də olsun məni dəvət edib institut haqqında müzakirə aparmayıb. Fəsadlarını indi də yaşadığım COVİD-i ağır formada keçirib, hospitalda yatmışam, səlahiyyətlərim vitse-prezidentə verilib. Bir dəfə mənim səhhətimlə maraqlanmayıb. Onun belə bir qeyri-professional və qeyri-humanist idarəçiliyini bir tərəfə qoyuram. O, vəzifəsinə uyğun olaraq heç olmasa, Tarix İnstitutunun 2021-ci il üzrə illik elmi hesabatını belə oxumamışdır.

Onda aydın olardı ki, Tarix İnstitutunda elmi tədqiqat işlərinin və idarəetmənin təkmilləşdirilməsi sahəsində hansı müasir islahatlar həyata keçirilib. İndi soruşuram: Ramiz Mehdiyev, Tarix İnstitutunda sizin təxəyyülünüzün məhsulu olan xoşa gəlməyən vəziyyət olsaydı, bu işlər necə həyata keçirilə bilərdi? Acı bir təəssüflə qeyd edirəm ki, AMEA –nın prezidenti milli akademiyaların rəhbərləri üçün səciyyəvi olan intellektual səviyyəli dialoq ilə deyil, məişət səviyyəli intriqalar ilə məşğul olur və onu akademiyanın gündəliyinə çevirir. Mən isə bütün fəaliyyətimi müasir çağırışlara cavab verə bilən modern Tarix İnstitutu yaratmağa həsr etmişəm.

Bu gün, 20 yanvar şəhidlərinin əziz xatirəsini dövlətimiz və xalqımızla birlikdə qeyd edəcəyəm. Sabah, 21 yanvarda bir tərəfdən AMEA prezidentinin Tarix İnstitutu və onun rəhbəri kimi mənim haqqımdakı qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğum vəzifədən, o cümlədən Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərimdən istefa haqqında ərizəmi təqdim edəcəyəm"- deyə K.Şükürov bildirib.

Qeyd edək ki, Milli Məclisin deputatı Etibar Əliyev özünün feysbuk hesabında Kərim Şükürovun Ramiz Mehdiyevə qarşı açıqlamasından sitat gətirərək, AMEA-da istefaların başladığını yazıb.

"Təşəkkürlər Kərim müəllim! Qətiyyətli elm adamı belə olur...", - deyə deputat tarixçi alimə dəstək verib.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən