“Azəriqaz” bu il də abunəçilərinin sayını 70-80 min artırmağı planlaşdırır

 15:05 21.01.2022     575

"Hər il Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi abunəçilərinin sayında 70-80 min artım olur. Proqnozlaşdırılır ki, bu il də bu qədər artım olacaq".

Redaktor.az xəbər verir ki, bu barədə yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov jurnalistlərin suallarınıcavablandırarkən məlumat verib. O bildirib ki, artıma səbəb dövlətin apardığı qazlaşdırma işləridir:
"O cümlədən yeni çoxmərtəbəli yaşayış binalarında təbii qazla təmin olunan mənzillərin sayı artmaqdadır", - deyə o, qeyd edib.

Bundan başqa, "Azəriqaz" rəsmisinin sözlərinə görə, ötən il ölkədə 7 milyard kubmetr qaz istehlak olunub. Bunun 3,9 milyard kubmetrini əhali, 3,1 milyard kubmetri isə qeyri-əhali abunəçiləri istehlak edib.

"2020-ci illə müqayisədə qaz istehlakında 819 milyon kubmetr artım olub. Bu da kifayət qədər böyük bir rəqəmdir. O cümlədən əhali abunəçuləri üzrə artım 213 milyon kubmetr təşkil edib. Buna səbəb son illər həm əhali abunəçilərinin sayının artması, həm də pandemiya dövründə əhalinin evdə daha çox olmasıdır. Qeyri-əhali abunəçiləri üzrə artım isə 606 milyon kubmetr olub. Bu il də istehlak həcmlərində artım olacağını, yəni 8,2 milyard kubmetr qaz istehlak ediləcəyni gözləyirik", - deyə o, qeyd edib.