Karantin müddəti azaldıldı - Bəs 7 günə sağalmaq mümkündür? - AÇIQLAMA

 13:28 22.01.2022     862

Xəbər verdiyimiz kimi, Azərbaycanda koronavirusa yoluxanların karantin müddəti azaldılır.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Qeyd olunub ki, son zamanlar dünya ölkələrində SARS-CoV-2 virusunun “Omicron” ştamının yayılması halları müşahidə olunur: "Ümumdünya Səhiyyə Təşkilatı ölkələri xəstəliklə aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırır. Bu baxımdan, yeni ştamın spesifik xüsusiyyətləri nəzərə alınaraq test strategiyaları, karantin müddətləri, xəstələrin müşahidə və müalicə metodlarında dəyişikliklər olunur. Beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılır.

Maraqlıdır, koronavirusa yoluxmuş şəxslər 7 gün ərzində tam sağala bilirmi? Digər tərəfdən yoluxan şəxslər yeni qərara əsasən 7 gündən sonra işə, təhsil müəssisəsinə qayıtmağa məcbur olacaq. Belə olan təqdirə həmin şəxslər daha çox insanın yolxumasına səbəb olmayacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını həkim-radioloq Aydın Əliyev cavablandırdı. O bildirdi ki, koronavirusa yoluxan şəxs 7 gün ərzində tam olaraq sağalmır:

"Burada əsas məsələ virusun burun boşluğundan təmizlənməsidir. Əgər bu nahiyədə virus hələ də qalıbsa, o şəxs asqıranda və ya öskürəndə virus asanlıqla ətraf mühitə yayıla bilir. Əksər insanlarda bir həftə ərzində burun boşluğundan virus tam təmizlənmir. Yəni, bir həftə müddəti xəstənin sağalması üçün çox az bir müddətdir. Hesab edirəm ki, bu qayda hamıya şamil olunmayacaq. Yəqin ki, yeni dəyişiklik şikayəti olmayan şəxslərə aid ediləcək. Əgər kiminsə ağciyərlərində zədələnmə varsa və bu şəxs xəstəxanada yatırsa, ağır vəziyyətdədirsə, o, bir həftədən sonra işə çıxa bilməz. Bunu tələb etmək də olmaz. Yəqin ki, yeni qərar xəstəliyi yüngül keçirən və şikayətləri az olan şəxslərə aid ediləcək. Ağır olan şəxslər xəstəxana rejimində müalicə alır və həmin adama bülleten verilir. Lakin qeyd etməliyəm ki, getdikcə xəstəliyi ağır keçirənlərin sayı azalır. Ciddi narahatlığa əsas yoxdur deyə, düşünürəm”.

Tibb üzrə ekspert, professor Adil Qeybulla bildirdi ki, karantin müddətinin azaldılması Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsidir:

"Onun əsasında ayrı-ayrı ölkələr bu tapşırığa əməl edir. Digər tərəfdən “omikron” ştamının neytrallıq göstəricilərinin azaldılması faktı da bu qərarın qəğbul ediməsində mühüm rol oynayır. Bütün bunlar belə bir qərarın qəbul edilməsinə əsas verir. Digər tərəfdən karantin müddətinin azaldılması və xəstənin karantindən çıxması xəstənin hələ işə getməsi demək deyil. Çünki bəzi xəstələrdə post-covid sindiromunun əlamətləri olur. Belə xəstələr hətta sağaldıqdan sonra belə dəstək müalicəsi almağa məcbur olur. Bu cür xəstələrə poliklinikalarda və ya xəstəxanalarda həkim nəzarəti uzadıla bilir. Ona görə dərhal işə çıxmaq vacib olmur”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən