"Yoluxan şəxslər 7 gün ərzində sağalmır" - Deputatdan karantin müddətinin azaldılmasına REAKSİYA
“Elə şəxslər var ki, 7 gün sonra da onların test göstəricisi pozitiv olur. Xəstəliyin digər ağırlaşmaları olarsa, həmin şəxsin stasionar müalicəyə ehtiyacı ola bilər. Yəni belə şəxslərin karantin müddətinin aradan götürülməsi düzgün deyil. Təcrübə göstərdi ki, digər ştamlara yoluxan şəxslər 7 gün ərzində sağalmır, əksinə 8-9 cu gündə daha da ağırlaşır”.
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev Azərbaycanda koronavirusa yoluxanların karantin müddətinin 14 gündən 7 günə azaldılması ilə bağlı qərara münasibət bildirərkən söyləyib. Deputat qeyd edib ki, koronavirusun “omikron” variantına görə 7 gün kifayət edir:
“Çünki bu ştamın yoluxuculuğu adətən 4-5 gün olur. “Omikron”a yoluxan xəstələr bu xəstəliyi yüngül keçirir və ağırlaşmalar olmur. Amma daha əvvəlki variantlarda 14 günlük karantin müddətinin qalması məqsədəuyğundur. Operativ Qərargah rəsmi qərarını hələ elan etməyib. Yəqin ki, bu barədə müvafiq açıqlamalar veriləcək. Ona görə də “omikron”la bağlı ayrıca test aparılmalıdır. Yoluxmanın gedişatı, yoluxan şəxsin klinik vəziyyəti də burada əsas rol oynayacaq. Məhdudiyyətin 7 günə endirilməsi sosial və iqtisadi baxımdan doğru qərardır. Tibbi cəhətdən isə yoluxan şəxsin karantin müddəti başa çatmazdan öncə təkrar test verilərsə, daha yaxşı olar. Neqativ olan şəxslərin karantin müddəti aradan qaldırıla bilər. Lakin bu şəxsin ailə üzvləri üçün 7 gündən sonra karanatin müddəti bitmiş hesab oluna bilər”.
M.Quliyev bildirib ki, bu qərar virusa yoluxub xəstəliyi yüngül keçirən şəxslərə aid edilməlidir:
“Yəqin ki, bu barədə differensiallaşmış izahat veriləcək. Ağır xəstənin 7 gündən sonra işə çıxması heç bir halda mümkün deyil. Operativ Qərargahın rəsmi açıqlamasını dinləməliyik. Yəqin ki, bu detallar nəzərə alınacaq. Xəstənin karantin müddətinin aradan qaldırılması xəstəliyin gedişindən asılı olmalıdır. Elə şəxslər var ki, 7 gün sonra da onların test göstəricisi pozitiv olur. Xəstəliyin digər ağırlaşmaları olarsa, həmin şəxsin stasionar müalicəyə ehtiyacı ola bilər. Yəni belə şəxslərin karantin müddətinin aradan götürülməsi düzgün deyil. Amma yenə də qeyd edim ki, karantin müddəti virusun ştamından asılı ola bilər. "Alfa", "Beta", "Delta" ştamlarında 14 günlük karantin müddəti saxlanılmalıdır. Yalınız “omikron” ştamında isə karantin müddəti 7 günə endirilə bilər. Təcrübə göstərdi ki, digər ştamlara yoluxan şəxslər 7 gün ərzində sağalmır, əksinə 8-9 cu gündə daha da ağırlaşır. Hələlik Operativ Qərargahın digər qərarlarını gözləmək lazımdır”.
Şəbnəm Mehdizadə












