"Şuşa ilə bağlı dəyərlərə toxunmamalıyıq" - Deputatdan "Şuşa" adının dəyişdirilməsinə REAKSİYA
Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adınının “Buta” ilə əvəzlənməsi müzakirələrə səbəb olub. Komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov açıqlama yayaraq komandanın adının dəyişmədiyini bildirsə də, komandanın adı rəsmi saytda “Şuşa” kimi yox, “Buta” olaraq təqdim edilir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov hesab edir ki, komandanın adı dəyişilməməli idi.
“Həmin KVN komandasından olan kimsə ətraflı açıqlama veribmi ki, komandanın adı niyə dəyişdirilib? Bu adı dəyişməkdə məqsədiniz nə olub? Hələlik, tutarlı bir izahat yoxdur. Vaxtilə ulu öndər Heydər Əliyev, həmçinin, Prezident İham Əliyevin də dediyi kimi Şuşa bizim üçün təkcə yaşayış yeri kimi əhəmiyyətli deyil. Şuşa Azərbaycanın simvoludur, tarixidir. Şuşanı biz bu səviyyədə dəyərləndirmişik. Ona görə də bu ad dəyişilməməli idi. Düzdür, “Buta” da Azərbaycanın simvollarından, qədim rəmzlərindən biridir. O da bizə aid olan bir nişandır. Lakin komandanın adının dəyişilməsi məqsəduyğun deyil. Yəqin ki, bu dəyişikliyi etməkdə komanda üzvlərinin də məqsədi və fikri olub. Lakin biz Azərbaycanın, Qarabağın gözü, tarixi olan Şuşa ilə bağlı dəyərlərə toxunmamlıyıq. Əgər dövlət başçısı Şuşa haqqında bu qədər yüksək fikirlər söyləyib, onun bərpası üçün işlər görübsə, biz də Şuşa adını daima yüksəkdə saxlamağı bacarmalıyıq”, - deyə Elman Məmmədov bildirdi.
Şəbnəm Mehdizadə












