"Ağzına gələni yazanları dəvət edirik ki, gəlib zalda oyunumuza baxsınlar" - Müşfiq Abbasov

 14:47 24.01.2022     1151

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında Azərbaycanı təmsil edən "Şuşa" komandasının adı dəyişdirilərək "Buta" edilməsi cəmiyyətdə birmənlı qarşılanmadı. Belə ki, “Şuşa”adının dəyişdirilməsi cəmiyyətdə ciddi ajiotaja səbəb oldu. 

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını "Şuşa" Şən və Hazırcavablar Klubunun (KVN) rəhbəri, ssenarist və prodüser Müşfiq Abbasov cavablandırdı. O bildirdi ki, birinci turu keçdikdən sonra öz missiyalarına nail olublar:

“Mart ayında Sankt-Peterburq liqasında oynayacağıq. Sadəcə bu liqa təzə olduğuna görə hələ bir həftə ərzində onun ayrıca olaraq öz saytı açılacaq və iştirakçı komandaların adı, oyunların cədvəli qeyd olunacaq. Kim istəsə və əgər şübhəsi varsa, həmin saytda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilər. Sankt-Peterburq liqası yeni liqadır. Saytda oyunların cədvəli, hansı komanda ilə nə vaxt oyanacağı kimi detallar, bir həftə yaxud 10 gün ərzində dərc olunacaq. Bu yeni və mərkəzi liqadır. Bu ildən artıq bəzi dəyişikliklər edilib. Televiziya Liqası Moskvada olur. Bununla yanaşı bir neçə mərkəzi liqa var - Birinci Liqa, Sankt-Peterburq Liqası və Premyer Liqa. Qalan hamısı regional liqalardır. Biz mərkəzi liqada yer aldıq və Sankt-Peterburq şəhərində oynayacağıq. Mart ayında 1/8 final olacaq. Bu, bizim birinci oyunumuz olacaq. Yaxın bir həftə ərzində saytda da bütün bunlar qeyd olunacaq. Komandanın adının “Buta” kimi qalması birinci turun nəticəsindən sonra olub. “Buta” adı Premyer Liqadan silinəcək və Sankt-Peterburqda komandanın adı yenidən "Şuşa" olaraq yazılacaq. Haqqımızda ağzına gələni yazanları dəvət edirik ki, gəlib zalda birinci oyunumuza baxsınlar. Özləri şahid olacaq ki, aparıcı bizi necə təqdim edəcək”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən