Azərbaycanda müvəqqəti qeydiyyat ləğv olundu - DİN-dən AÇIQLAMA
Son günlər polis idarələrində müvəqqəti qeydiyyatda olan vətəndaşların qeydiyyatının ləğv edilməsi barədə məlumat yayılıb.
Bəs, polis orqanlarında vətəndaşların müvəqqəti qeydiyyatı niyə ləğv olunur?
Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitəsilə və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin sözlərinə görə, vətəndaşların müvəqqəti qeydiyyatlarının ləğv edilməsində məqsəd mövcud pərakəndəliyi aradan qaldırmaqdır.
"Hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə-boşanma və ya digər məsələlərdə qeydiyyatda olan şəxslərlə bağlı polis orqanlarına sorğular daxil olanda bəzi neqativ hallar müşahidə olunurdu. Bununla bağlı müvəqqəti qeydiyyatda olan şəxsləri lazım olanda tapmaq çətinliyi yaranırdı. Hazırda görülən tədbirlərin məqsədi bu cür neqativ halların qarşısının alınması, bu istiqamətdə nizam-intizamın yaradılmasıdır.
Heç bir yerdə qeydiyyata düşə bilməyən vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis orqanına müraciət edib yaşadıqları ünvanı bildirməlidirlər. Bu halda qeydiyyat məsələsinə təkrar baxıla bilər", - deyə DİN sözçüsü bildirib.
T.İSMAYIL












