“Təcrübə və Təqaüd Proqramları” daha bir nüfuzlu müəssisə ilə əməkdaşlıq edəcək
"AZGRANATA" ilə Təcrübə və Təqaüd Proqramları arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədin imzalanmasında məqsəd tələbə və məzunların fərdi inkişafına, uğurlu mütəxəssis kimi formalaşmasına dəstək olmaq, eləcə də müəssisənin kadr potensialını artırmaqdır.
Redaktor.az xəbər verir ki, müqaviləyə əsasən təhsil alan və təhsilini başa vurmuş gənclər "AZGRANATA" MMC-də təcrübə keçərək praktiki biliklərini təkmilləşdirəcəklər. Həyata keçiriləcək təcrübə müddətində gənclər ixtisaslarına uyğun əsl iş prosesinin içində olacaq, müvafiq sahə üzrə yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq enerji dolu layihələrdə iştirak edəcəklər. Bununla yanaşı, gənclər uğurlu karyera üçün lazım olacaq texniki və fərdi bacarıqları inkişaf etdirmək imkanı qazanacaqlar. Mövcud proqram üzrə təcrübəsini uğurla başa vuran iştirakçıya sertifikat təqdim ediləcək. Təcrübəçilər proqram müddətində ən yaxşı təcrübəçi adına layiq görülərək "Tövsiyə" məktubu da əldə edə bilərlər. Təcrübəçilərin qidalanması və servis xidməti "AZ-Granata" tərəfindən təmin ediləcək.
Proqramı müvəffəqiyyətlə başa vuran şəxslər karyerasını "AZGRANATA" MMC-də davam etdirmək şansı da əldə edəcəklər.
Təcrübə proqramına qeydiyyat mərhələsi ilə bağlı məlumatlar www.tecrubeveteqaud.az saytında dərc ediləcək.
Qeyd edək ki, ötən ilin noyabrın 9-dan fəaliyyətə başlayan “Təcrübə və Təqaüd Proqramları” təcrübəçi ilə müəssisə arasında təcrübə təminatçısı rolunu oynayır. “Təcrübə və Təqaüd Proqramları” qısa müddətdə 25-dən çox nüfuzlu təhsil müəssisəsi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Hazırda həmin müəssisələrdə təcrübə proqramları uğurla davam edir.












